- Ukrayna qüvvələri ölkənin şərqinə doğru hərəkət edir, lakin düşünmürsünüz ki, əsas məqsəd hələ də yerli əhalinin yenidən birləşdirilməsidir?
- Anlamaq vacibdir ki, Ukraynanın şərqində baş verən münaqişə ölkənin ayrı-ayrı tərəflərinin bir-birinə qarşı olan vətəndaş müharibəsi deyil. Son hadisələr, rus aviasiyasının Ukrayna hərbi təyyarəsinə hücumu, qrad tipli raketlərin Rusiyadan Ukrayna ərazisinə buraxılması, Ukrayna hərbi pilotu Nadejda Savçenkonun rus həbsxanasında hərbi məhbus kimi saxlanılması Rusiyanın Ukraynaya qarşı olan açıq hərbi təcavüzünün göstəricisidir. Xatırladım ki, bu ilin mart ayında Rusiya qanunsuz olaraq Krımı anneksasiya etdi. Bundan bir il öncə isə Rusiya və Ukrayna arasında fəal ticarət müharibəsi gedirdi. Buna Rusiya və Ukrayna arasındakı qaz münaqişəsini də əlavə etmək olar – Ukrayna iyunun 16-dan bu yana, artıq bir aydır ki, Rusiya qazı olmadan yaşayır.
Donbassdakı iğtişaşlar fəal şəkildə Rusiya tərəfindən başladılmışdı. Danılmaz faktdır ki, Donetsk və Luqanskın yerli əhalisinin üçdə biri Rusiya təcavüzünü dəstəkləmişdi, amma müharibə şəraitində keçən hər yeni günlə Rusiyanı dəstəkləyənlərin sayı azalır. Artıq bu günə olan sosioloji araşdırmalara əsasən, Donbass sakinləri Ukrayna prezidenti Petro Poroşenkonu daha çox dəstəkləyirlər, nəinki Rusiya prezidenti Vladimir Putini. Hələ bir neçə ay əvvəl bu, ağlasığmaz olardı, amma Putin həqiqətən imkansızı reallaşdırdı: Ukraynanın qərbində və şərqində yaşayan əhali xarici təcavüzə qarşı birləşdi. İndi tam əminliklə demək olar ki, Ukraynanın iki yerə bölünməsi məsələsi tarixə çevrilib. Bu gün ölkənin bütün regionları eyni cəbhədə dayanır. Ukraynanı bölmək arzusunda olan Putin üçün bu, xoşagəlməz sürpriz oldu. Kremlin planlarına görə, «Novorossiya» ideyası Ukraynanın sonu olmalıydı, amma faktiki olaraq, bu, Ukraynanın siyasi millətinin yaranması üçün katalizator rolunu oynadı.
Əsas məqsəd ölkəni işğalçıdan qorumaqdır, ukraynalılar isə həmişə aralarında ortaq dil tapa biləcəklər, necə ki bunu ölkənin 23 illik müstəqillik dövründə ediblər.
- «Dnepropetrovsk fenomeni» nədir və o, münaqişənin süniliyini nə dərəcədə izah edir?
- Dnepropetrovsk misalı Ukraynada vətəndaş müharibəsinin olmadığını bir daha təsdiqləyir. Dnepropetrovsk ölkənin şərqində vacib iqtisadi regiondur. Bir milyon əhalisi olan regionda sakinlərin əksər çoxluğu rus dilində danışır. Ukraynanın digər cənubi-qərb regionlarında olduğu kimi, aprel ayından burada qarışıqlıq var idi. Buna baxmayaraq, qubernator İqor Kolomoyski başda olmaqla, yerli elita Donbassın faktiki lideri Renat Ahmetov kimi Kiyevdəki yeni hakimiyyəti ölkənin bölünməsiylə hədələmədi, əksinə dərhal yerli resurslardan istifadə edərək vəziyyəti nəzarət altına aldı. O vaxtdan etibarən, Dnepropetrovsk nəyinki sülh şəhərinə, hətta rus və ruspərəst güclərinə qarşı qarşıdurmanın mərkəzinə çevrildi. Məhz Dnepropetrovskda yerli əhalidən ibarət olan könüllü qoşunlar yaradıldı. Bu qoşunlar hazırda Donbassda mübarizə aparırlar.
Kremlin versiyasına görə, Ukrayna Novorossiya, Ukrayna tərkibində olan Rusiya əraziləri və Ukraynadan ibarətdir. Putinə görə, Novorossiyanın tərkibinə Donbass, Xarkov, Odessa, Zaporojye, Nikolayev və Xerson daxildir. Krım istisna olmaqla, qalan bütün ərazi Ukraynadır. Amma bu, Kremlin fikri və xəyalıdır, reallıq isə tam fərqlidir. Qondarma Novorossiyanın qeyd olunan şəhərlərindəki qarşıdurmaları təxribat qrupları və informasiya təbliğatı vasitəsi ilə qızışdıran Putin yerli əhalinin Kiyevə qarşı olan üsyanını provokasiya etməyə ümid bəsləyirdi. Həqiqətən yerli əhali üsyan etmişdi, amma bu üsyan Rusiyanın təcavüzünə qarşı idi. Şərqdə Donetsk və Xarkovun mərkəzində, cənubda isə Odessa arasında yerləşən Dnepropetrovsk qarşıdurmanın mərkəzinə çevrilmişdi. Hazırda ərazisində de-fakto müharibə gedən Donbassın bir hissəsi istisna olmaqla, Ukraynanın cənub və şərq regionları da eyni aqibəti yaşadılar.
- Bir neçə ay öncə müharibənin baş verəcəyini heç kim təsəvvür belə edə bilməzdi. İndi isə Ukrayna və Rusiyanın barışmasını kimsə ehtimal etmir. Bu baş verə bilərmi? Cəmiyyətin ümumi fikri nədir?
- Bütün ukraynalılar kimi, mən də sülh istəyirəm. Bu müharibəni biz başlamamışıq və hazırda doğma torpaqlarımızı qorumaqdan başqa seçimimiz yoxdur. Əlbəttə ki, bu müharibə gec və ya tez bitəcək. Müharibədən sonra rusiyalılar və ukraynalılar arasında münasibətlər çətin olacaq, buna səbəb müharibə özü və rusların ukraynalıların ayrı bir millət olduğunu və daxilində müstəqil olaraq öz qərarlarını verə biləcək dövlətlərinin olduğunu qəbul etməmələridir. Məsələn, Ukraynanın hansı təşkilatlara üzv olmağı, necə xarici siyasət tətbiq etməyi, kiminlə və hansı razılaşmalara imza atmağı və s. Nə vaxt ki, ruslar anlayacaqlar ki, ukraynalılar onlarla eyni hüquqlara malikdir, o zaman hər iki millət barışığa tərəf addımlayacaq.
Moskva metrosunda baş vermiş hadisə nəticəsində həlak olmuş günahsız qurbanların xatirəsini anmaq üçün Kiyev əhalisi Rusiya səfirliyinə güllər aparmışdı. O səfirlik ki, kiyevlilərin bir neçə həftə öncə Rusiyanın təcavüzünə qarşı olaraq etirazı nəticəsində dağıdılmışdı. Ruslar ukraynalılar üçün düşmən deyirlər. İstədiyimiz sadəcə odur ki, bizi «qardaş» qayğısından rahat buraxsınlar.