Vaxt.Az

2,9 milyon tondan çox taxıl istehsalı gözlənilir


 

Yerli istehsal hesabına ixrac potensialı artıb

2,9 milyon tondan çox taxıl istehsalı gözlənilir Cari ilin yanvar-iyun aylarında kənd təsərrüfatının ümumi məhsulunun dəyəri faktiki qiymətlərlə 2 milyard 122 milyon 995 min manat təşkil edib. Bunu prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı kənd təsərrüafatı naziri İsmət Abbasov bildirib.Nazir vurğulayıb ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,9 %, o cümlədən bitkiçilik sahəsində 4,5 %, heyvandarlıq sahəsində isə 5,1 % artıb:
“Ümumilikdə, 2013-cü ilin nəticələrinə görə kənd təsərrüfatının ümumi məhsulunun artımının təxminən 6-7 % olacağı gözlənilir. Cari ilin sonuna 2 milyon 900 min tondan çox taxıl istehsalı gözlənilir ki, bu da keçən ildəkindən təxminən 100 min ton çoxdur”.
Abbasov çıxışında deyib ki, əhalinin qida rasionunda vacib əhəmiyyətə malik olan meyvə, tərəvəz, kartof və digər məhsulların istehsalında da müsbət dinamika müşahidə olunub:
“Belə ki, 2013-cü ilin 1 iyul vəziyyətinə, ötən ilin müvafiq dövrünə nisbətən meyvə istehsalı 12,1 %, kartof istehsalı 11,8 %, tərəvəz istehsalı 8,8 %, yaşıl çay yarpağı istehsalı 4 % artıb. Bu da öz növbəsində əhalinin əsas kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsinə öz müsbət töhfəsini verməklə yanaşı, ixrac potensialını da artırıb”.
 





19.07.2013    çap et  çap et