Vaxt.Az

Ayxan Məmmədov azadlığa buraxıldı


 

Sevinc Babayevanın qohumları sevinc içindədir

Ayxan Məmmədov azadlığa buraxıldı Bakı Apelyasiya Məhkəməsində 2012-ci ilin dekabrında İstanbulda dünyasını dəyişən Sevinc Babayevanın oğlu Ayxan Məmmədovun apelyasiya şikayətinə baxılıb.

Virtualaz.org-un məlumatına görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara görə, Ayxan Məmmədovun apelyasiya şikayəti təmin edilib və Binəqədi Rayon Məhkəməsinin hökmü dəyişdirilib.

Ayxan Məmmədovun barəsində 1000 manat cərimə cəzası təyin edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Virtualaz.org saytı Ayxan Məmmədovla əlaqə saxlayıb. Onun telefonuna cavab verən qohumu bu qərarın həm Ayxan, həm də yaxınları üçün gözlənilməz olduğunu deyib: «Çox sevinirik. Doğrudan da gözlənilməz idi. Ədalətli qərar çıxarıldı. Bu işdə əməyi keçən hər kəsə təşəkkür edirik».

Xatırladaq ki, Ayxan Məmmədov «Favorit» marketinin 4-cü mikrorayondakı (Binəqədi rayonu, Mir Cəlal küçəsi, 59, «Tərlan» şadlıq sarayının yaxınlığındakı) filialından oğurluğa cəhd etməkdə təqsirləndirilirdi. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdü. İbtidai istintaq və məhkəmə dövründə onun barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilmişdi.

Bu müddət ərzində o, azadlıqda olub. Cinayət işi üzrə məhkəmə prosesi iyun ayının 25-də yekunlaşmışdı. Binəqədi rayon Məhkəməsinin qərarı ilə A.Məmmədov məhkəmə zalındaca həbs olunaraq 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

 





24.07.2014    çap et  çap et