Vaxt.Az

Altı ayda 430 kilometr yol təmir olunub


 

Avtomobillərin orta hərəkət sürəti 35 km/saat-dan 48 km/saat-a qədər artıb

Altı ayda 430 kilometr yol təmir olunub Ölkədə 6 ay ərzində 430 kilometr respublika və yerli əhəmiyyətli yollar təmir olunub, 6 körpü inşa və təmir edilib.Bunu iyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı nəqliyyat naziri Ziya Məmmədov bildirib.
Gəndob-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi, Qəbələ-Ağdaş, Ağstafa-Poylu avtomobil yollarının yenidən qurulması, Qəbələ-Oğuz, Kürdəmir-İmişli, Bəhramtəpə-Biləsuvar avtomobil yollarının əsaslı bərpa işləri, həmçinin Cəlilabad-Yardımlı, İsmayıllı-Lahıc, Qusar-Ənik-Ləzə, Xocasən-Lökbatan, Şəki-Qax və digər yerli əhəmiyyətli avtomobil yollarında yenidənqurma və əsaslı təmir işləri aparılıb.
Z.Məmmədov bildirib ki, Bakıda irimiqyaslı nəqliyyat layihələri həyata keçirilib:
“Bakı şəhərində 572,2 kilometr yol əsaslı təmir olunub, 32 yol qovşağı, bu yol qovşaqlarında 35 körpü, yol ötürücüləri və tunellər tikilib. 50 yeraltı və yerüstü piyada keçidləri tikilib, 10 yeraltı piyada keçidi isə təmir olunub. Bu dövrdə Bakı şəhərində dünyanın ən müasir nəqliyyatı intellektual idarəetmə mərkəzlərindən biri istismara verilib.
Bakı şəhərində nəqliyyat axınlarının daha səmərəli idarə olunması məqsədilə əsas yol kəsişmələrində işıqforların idarə edilməsi üçün qurulan nəqliyyat siqnallarına nəzarət sistemi və “Yaşıl dalğa” tədbirlərinin tətbiqi şəhərdə nəqliyyat axınına müsbət təsir edib və nəticədə avtomobillərin orta hərəkət sürəti 35 km/saat-dan 48 km/saat-a qədər, küçələrin ötürücülük imkanı orta hesabla sutkada 20,2 min avtomobildən 27,7 min avtomobilə qədər artıb”.
 





19.07.2013    çap et  çap et