Vaxt.Az

Sərkisyan Ohanyana yan baxdı


 

Erməni prezident müdafiə nazirinin Qarabağla bağlı təklifini rədd etdi

Sərkisyan Ohanyana yan baxdı Ermənistan prezidenti Serj Sərkisyan ötən gün İctimai Şura üzvləri ilə görüşdə ölkənin təhlükəsizliyi ilə bağlı məsələlərə toxunub. Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, Serj Sərkisyan Ermənistanın Avrasiya İttifaqına girəcəyi təqdirdə, ölkənin təhlükəsizliyinin təmin olunacağını vurğulayıb.

Onun sözlərinə görə rəsmi İrəvan Avrasiya İttifaqına girərsə,  Ermənistanın sərhəd zonalarının müdafiəsi problemləri, mədənçıxarma sənayesində, ekologiya sahəsindəki təhlükəsizlikdən tutmuş, ölkədəki digər çatışmazlıqlar həll oluna bilər.

Ermənistan dövlət başçısı azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevin erməni hərbi birləşmələri tərəfindən girov götürülməsndən sonra ölkənin müdafiə naziri Seyran Ohanyanın işğal edilmiş Azərbaycan torpaqlarında yaşayan erməni əhalinin silahlandırılması ilə bağlı təklifinə də toxunub. Sərkisyan bildirib ki, belə bir addım atmağa ehtiyac yoxdur.
«Sərhəd bölgələrində Ermənistan silahlı qüvvələri rayon sakinlərinin təhlükəsizliyini qoruyur».

Qeyd edək ki, iyulun 11-də Kəlbəcər rayonunda Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülməsi və Cəbrayıl sakini Həsən Həsənovun erməni hərbi birləşmələri tərəfindən öldürülməsindən sonra Ermənistan tərəfi qorxuya düşüb. Ermənistan müdafiə naziri Seyran Ohanyan bəyan edib ki, Azərbaycandan Kəlbəcərə gedən bütün yollar minalanacaq. Bununla yanaşı,  bölgədə yaşayan ermənilərin silahlandırılması məsələsi də gündəmdə idi.

 





25.07.2014    çap et  çap et