Vaxt.Az

««JEK»də»


 

«Məəllim nə problemin var?»

««JEK»də» Təxminən 2008-ci ilin sentyabrı idi. On gün idi ki, 3-cü mikrorayondakı binaların birinin birinci mərtəbəsinə kirayə köçmüşdüm. İkinci mərtəbədəki qonşu axşam-səhər başımıza su axıdırdı. Nə billah edirdim, evini təmir etdirmək istəmirdi. Məcbur qalıb «JEK» müdirinin qəbuluna getdim.

Müdirin qəbul otağındakı boyunu çiyinlərinə yapışmış, bəstəboy, diri çəkisi təxminən 120 kiloqram gələn katibəyə kim olduğumu və dərdimi söylədim. Katibə 15 dəqiqə anası ilə mobil telefonla danışandan sonra ağır-ağır yerindən qalxdı. Stolun üstündəki çirkli fincan-nəlbəkiyə azacıq su əlavə edib işarət barmağı ilə sürtdü və yenidən fincana su töküb samovarın yanında qoyulmuş yarıya qədər çay xəkəsi ilə dolu bankaya tökdü. Sonra həmin fincana çay süzüb müdirin yanına girdi. Çıxandan sonra üzümə baxmadan «midir «zanitdi», kutaran kimi səni çağırajax» dedi. 20 dəqiqədən sonra katibənin yanındakı balaca telefon körpə pişik səsi çıxardı. Telefonun dəstəyini ərinə-ərinə qaldırıb qulağına tutdu və «hə» dedi. Dəstəyi qoyub iri gövdəsini mənə tərəf çevirdi: «Keş».

Müdir keçmiş SSRİ-nin keçmiş baş katibi Brejnevinki kimi pırpız qaşlı, qıvrıq sıx saçları olan 60 yaşlı, kök bir adam idi. Saçlarından Hollivudun komediya filmlərindəki «tok» vurmuş qəhrəmanlara bənzəyirdi. İri, ətli başını qaşıya-qaşıya «Məəllim nə problemin var?» deyə soruşdu.

- Qonşum başıma su axıdır. Nə qədər xahiş edirəm ki, hamamını düzəltdir, deyir bizdən deyil. Köhnə binadır «JEK» gəlib «şaxta»dakı «turba»ları dəyişdirsin.

- A kişi, «JEK»in «turba»sı var, dəyişə? İndi mən nağayrım, əlimi gedib suyun alltına qoyum ki, axmasın. Sən həm də jurnalistsən da? O gün sizdən biri eyni xahişlə gəlmişdi. Əsdi-coşdu. Qulağından tutuf atdım bayıra. Maa dərs keçir, kitaf belə, qanun belə. A bala, sənin qiymətin «3 şirvandır» da. Hələ o vaxt elə idi. İndi lap ucuz. Hər şeyin qıymati qalxır, jurnalistin ki, qalxmır (ucadan elə qəh-qəhə çəkdi ki, elə bil, pələng nərildədi). Deyir, mən onnardan dəyiləm, 25 ildir jurnalsitikadayam. Soruşuram, nə jurnalist, nə ziyalı bazarıdır ə? Jurnalist olub neynəmisən? Elə qaviliyyətin var, kirayədə niyə qalırsan? Özünə niyə bir evə ala bilmirsən? Sənin məndən nəyin üstündür, artıxdır. Mənim 3 evim, 3 obyektim, Novxanıda bağım, bir cipim, bir sedanım var. Bir maşın da qızıma almışam. Bir obyekt də cehiz qoşmuşam. Savadın, qaviliyyətin olsaydı, sənin də olardı. Bəs sən nağayırmısan? Jurnalsit oluf, hansı qavırsannığı salmısan? Metorya verməyə belə pulu güjnən tapırsan. Nahar yeməyə pulun yoxdur, ay yazıq. Yeməyi evdən aparırsan. Apardığın da nə ola? Ya bankada sub, ya da ki, kərtimiş qartop qızartması. 

Durub çıxmaq istəyirdim ki, katibə qapını öz evinin qapısı kimi döymədən açaraq tələsik içəri girdi. İri bədəninin piylərini yırğalaya-yırğalaya əlindəki kağızı müdirə uzadaraq «yuxarıdan məytuf var» dedi. Kişi eynəyi çıxarıb məktubu diqqətlə oxuyurmuş kimi süzdü. Mən də üzr istəyib çıxdım. Qapını örtəndə müdirin səsini eşitdim: 

- Saa min dəfə demişəm, latıncağ yazmax başıya dəysin, heş olmasa oxumağı öyrən. Get pıxaltırı çağır, görək nə yazıflar.

 





03.07.2014    çap et  çap et