O gün bir oxucu əsəbi-əsəbi zəng edib, hesab sormasaydı, heç bu yazını da yazmayacaqdım. Adını bilmədiyim oxucu 21 dekabr - «qiyamət» günü ilə bağlı yazdığım silsilə yazılardan necə hirslənmişdisə, «21 dekabrda heç nə baş verməsə, «atveçatsan»? (yəni, cavabdehsən?)» deyə bar-bar bağırırdı. Təbii ki, zavallı yazar olaraq bilmədim bu oxucum qiyamətin gəlməsini cani-dildən arzulayır, ya bundan qorxur? Amma onu bildim ki, ayın 22-də mənim «qiyamətim» olacaq. Bir düjün oxucu redaksiyanın qapısını qırmasa yaxşıdır. Sezen Aksu demiş, dünyanın ən son günü sən beni arayacaksın...
Əslində bunu da media əhlinin bəzi oxuculardan intiqamı saymaq olar. İl uzunu ölkədəki ən ağlasığmaz olaylardan yazırsan, dinmirlər. Hökumətin biabırçı əməllərini ifşa edirsən, səslərini də çıxarmırlar. O boyda rüşvət skandalları, videolar yayımlayırsan, Hollivud kinosuna baxar kimi baxırlar - yanında pop korn yeyə-yeyə. Amma elə ki, «qiyamət»ə az qaldı yazırsan, redaksiyanın telefonlarını zəng bombardmanına tuturlar. Sanki bunların yaşadıqları cənnətmiş...
Düzü, bu qiyamət haqq-hesabı çıxandan mən Azərbaycan insanının nə arzuladığını anlamıram. Qorxurlar, tamam. Narahatdılar, hazırlıq görürlər - o da tamam. Bəs bu arada «21 dekabrda dedikləriniz baş tutmasa, görərsiniz...» hədəsinin mənası nədir? Psixoloqlar demiş, bəlkə şüuraltı qiyaməti gözləyənlər də var? Bu dünyanın sonu gəlsəydi, bizim də canımız belə yaşayışdan qurtulardı deyənlər ordusuyla üzbəüzük olmaya? Azərbaycan kimi ölkədə niyə də olmasın?
O gün dünyada keçirilən rəy sorğularına baxıram: dünyanın son günü nə etmək istəyərdiniz deyə soruşublar insanlardan. Böyük əksəriyyət həmin gün sevdiyi insanla özəl dəqiqələr(!) keçirmək istədiyini deyib. Düzü, adamın buna ancaq gülməyi gəlir. Adama deyərlər, özəl dəqiqə keçirməyin elə qiyamətə qaldı? O qorxu, o təlaş, o panika ilə... hansı özəl dəqiqədən danışmaq olar? Sevdiyinə vaxt ayırmaq üçün dünyanın son gününü gözləməyin adı nədir? Heyf o vaxta qədər o falçı sənin, bu caduçu sənin «sevdiyimi özümə bağlamaq istəyirəm» deyib gəzdiyin vaxta. Özəl dəqiqəni həmin vaxta qədər keçirə bilərdin də...
Amma adı Azərbaycan olan ölkədə biz hər gün də olmasa, günaşırı qiyaməti yaşamırıqmı? Elə təkcə axşamlar metrodan çıxıb, evə getmək istəyərkən tıxacda nəfəsimiz kəsiləndə... o dünyanı görüb qayıtmırıq? Elementar hüquqlarımızı əlimizdən alanda, hər gün televizordan az qala söyüləndə bizimçün gerçək qiyamət yaşanmırmı? Amma yenə də təcrübəsizik: neynək, ilk gerçək qiyamətimizdir...
Bu mövzuda daha çox yazdığım üçün az qala ixtisaslaşmışam. Amerikanların, rusların, türklərin və azərbaycanlıların bu günlə bağlı necə hazırlıq apardığını müqayisə etmək imkanım olub: inanın, dəhşətdir. Amerikan qiyamət evləri hazırlayır, anbar yığır, Nuh gəmisi potensialında gəmilər qurur. Ruslar bəzi yeraltı anbarları, muzeyləri... sığınacaq kimi satışa çıxarır. Türklər bir kəndlərini «qiyamətdən sığortalanmış» elan edib, onsuz da çiçəklənmiş turizmlərinə daha bir töhfə verirlər. Bəs biz? Biz gözünə döndüklərim də qutu-qutu şam, konserv aldıq, çörək qurutduq.... Əlavə şərhə ehtiyac varmı? Sadəcə müqayisə edin, nə demək istədiyimi anlayacaqsız. Bizim hər işimiz belədir...
Düzü, bizim işbazlar məni bu məsələdə də xeyli xəyal qırıqlığına uğratdılar. Bəzi bankların qiyamət kreditlərini nəzərə almasaq, bir Allahın qulu bu günə özəl nəsə bir tərpəniş eləmədi, yeni bir sektor açmadı. Bəs biz pulun iyini bir metr uzaqlıqdan duyurduq, nə oldu?
O ki qaldı, qiyamət proqnozlarına... Nə yazsaq, xeyri yoxdur. Biz qiyamət görməmişiyik.