Blogger Mehman Hüseynov hadisə şahidlərinə istinadən virtualaz.org saytına bildirib ki, prezidentin olduğu avtomobilin oradan keçməsinə bir neçə dəqiqə qalmış yoldakı marşrut avtobuslarından biri qəflətən xarab olub. Özünü itirən yol polisi əməkdaşları sürücüdən dərhal maşını yoldan götürməsini tələb ediblər. «Əgər sən öz avtobusunu bu dəqiqə burdan götürməsən, biz hamımız işimizi itirəcəyik» – deyə, onlar əvvəlcə özünü itirmiş sürücünün üstünə düşüblər.
Amma sonra görəndə ki, avtobusu, «öz xoduna» oradan götürmək mümkün deyil, polislər onu var gücləri ilə itələməyə başlayıblar. Bir azdan avtobusdakı sərnişinlər də onlara köməyə gəliblər. Beləliklə, necə deyərlər, hakimiyyətlə xalq sözün həqiqi mənasında çiyin-çiyinə verərək böyük bir «çp»-nin qarşısını alıblar...