Əslində isə günah çox vaxt özlərində olur. Elə hərəkət edir, elə səhvlərə yol verirlər ki, onlara etinasız qalmaq sadəcə mümkün olmur. Məsələn, blogger Mehman Hüseynovun virtualaz.org-a təqdim etdiyi bu şəklə baxın. Orada «Bakı Metropoliteni»nin onlarla əməkdaşından biri əks olunub.
Amma o, başqalarından, necə deyərlər, «lotuluğu» ilə fərqlənir. Sanki qanun və ictimai qayda onun üçün heç nədir. O yalnız ona nəzarət edir ki, həmin qayda və qanunlara başqaları əməl etsinlər. Yəni, məsələn, metroda siqaret çəkmək olmaz. O da ona nəzarət edir ki, kimsə orada siqaret çəkməsin. Amma özü çəkir. Və bunu nümayişkaranə şəkildə, «Siqaret çəkmək qadağandır!» xəbərdarlığı yazılmış lövhənin düz altında edir. Selə bil sübut etmək, göstərmək istəyir ki, o hamıdan üstündür və ona hər şey, o cümlədən metroda siqaret çəkmək olar.
Doğrudanmı olar?
Güman edirik ki, bu suala müvafiq orqanın rəhbərliyi özü cavab verəcək...
Qeyd edək ki, metroda siqaret çəkmək təhlükəlidir və böyük yanğına səbəb ola bilər. Foto isə metronun «İnşaatçılar» stansiyasında çəkilib.
Məsələyə aydınlıq gətirmək üçün metro polisinin rəis müavini Kamal Şirinovla əlaqə saxladıq. Lakin o bu barədə açıqlama verməkdən imtina etdi. «Məşğulam, xahiş edirəm məni narahat etməyin!».