ANS PRESS-in məlumatına görə, bunu iyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında giriş nitqində deyib.
Prezidentin sözlərinə görə, ümumi daxili məhsul 5 faiz artıb və ən sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz təxminən 11 faiz artım. Bu, son illər ərzində Azərbaycanda görülmüş işlərin, düzgün aparılan iqtisadi islahatların nəticəsidir. Bu göstəricilər, deyə bilərəm ki, dünya miqyasında ən yüksək səviyyədədir. Çünki bizim əsas hədəfimiz bu gün qeyri-neft sektorunu inkişaf etdirməkdən ibarətdir və hesab edirəm ki, bu istiqamətdə çox ciddi nailiyyətlər əldə edilib.
“Hesab edirəm ki, biz bir müddət bundan əvvəl növbəti 10 il ərzində qeyri-neft sektorumuzu 2 dəfə artırmaq barədə qarşımıza qoyduğumuz məqsədə çatacağıq. Qeyri-neft sektorunun artması əlbəttə ki, bizi çox sevindirir, eyni zamanda, ölkə iqtisadiyyatında gedən dinamik inkişafın təzahürüdür. Ölkə iqtisadiyyatı çoxşaxəli şəkildə inkişaf edir və hesab edirəm ki, növbəti illərdə bu inkişaf özünü daha da qabarıq şəkildə göstərəcək. Çünki bu gün icra edilən və icrasını gözləyən layihələr növbəti illərdə güclü qeyri-neft sektorumuzun yaranmasına gətirib çıxaracaq. 11 faiz səviyyəsində artan qeyri-neft iqtisadiyyatımız bütün işlərə çox gözəl təkan verir. İqtisadiyyatımızın əsas sahəsi neft sektorudur. Ancaq son müddət ərzində ümumi daxili məhsulun əsas hissəsi qeyri-neft sektorunda formalaşır ki, bu da aparılan islahatların məntiqi nəticəsidir”, - İlham Əliyev deyib .
Kənd təsərrüfatında təxminən 5 faiz artım müşahidə edildiyini deyən prezident, bu göstəricini normal dəyərləndirib. “Bu da yaxşı artımdır. Hesab edirəm ki, növbəti illərdə bu artım daha da güclü olmalıdır. Bunu etmək üçün indi əlavə tədbirlər görülür. İnvestisiya qoyuluşu bizi sevindirir. İlin birinci yarısında ölkə iqtisadiyyatına 12,6 milyard dollar sərmayə qoyulub. Bunun böyük hissəsi daxili sərmayədir, təqribən 7 milyard. Beş milyard isə xarici sərmayələrdir. Bu da çox vacib məsələdir. Çünki uzun illərdir Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə kimi qalır, bax, altı ayda qoyulan bu 5 milyard xarici sərmayə bunu bir daha təsdiqləyir. Hər bir ölkə üçün xarici investisiyalar önəmli rol oynayır: Baxmayaraq ki, özümüzün də indi kifayət qədər böyük maddi imkanlarımız var, yenə də xarici investorların Azərbaycana olan inamı və xarici investisiyaların qoyuluşu ölkənin ümumi inkişafını əks etdirir. Əlbəttə ki, beynəlxalq maliyyə qurumlarına da ciddi siqnal göndərir ki, Azərbaycanda iqtisadi sahədə çox müsbət vəziyyət yaranıb. Eyni zamanda, son illər ərzində daxili investisiyalar xarici investisiyaları üstələyir. Bu da bizim məqsədimiz idi. Bir neçə il bundan əvvəl qarşıya bu məqsəd qoyulmuşdu və biz buna çatmışıq”.
Dövlət başçısı hesab edir ki, 12,6 milyard dollar səviyyəsində qoyulan sərmayə çox gözəl göstəricidir: “Əgər biz bu tempi saxlaya bilsək, ilin sonuna qədər sərmayələrin səviyyəsi təqribən 25 milyard dollara çatacaq. Keçən il 20 milyard dollardan çox vəsait qoyulub. Ancaq biz artıq görürük ki, keçən ildən daha da çox sərmayə qoyulacaq. Qoyulan vəsait - hər manat və ya dollar, avro ölkə iqtisadiyyatına xidmət göstərir, yeni iş yerlərinin açılmasına şərait yaradır, Azərbaycanın iqtisadi qüdrətini artırır”.
Azərbaycanın valyuta ehtiyatlarının 48 milyard dollardan çox olduğunu deyən dövlət başçısı ilin sonuna qədər bu məbləğin daha da artacağını deyib. “Bu göstəriciyə görə də, - həm mütləq rəqəmləri, həm adambaşına düşən valyuta ehtiyatlarının həcmini götürsək, Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir. Bu da son illər ərzində əldə edilmiş uğurların bir hissəsidir. Artıq dünya birliyi bunu görür, qiymətləndirir. Dünyanın aparıcı maliyyə qurumları Azərbaycanda həyata keçirilən islahatları təqdir edir. Azərbaycanda aparılan islahatlar bir çox ölkələr üçün nümunə olmalıdır və deyə bilərəm ki, bir çox ölkələrdə Azərbaycanın təcrübəsi öyrənilir”.
Cari ildə maaşların artığını xatırladan przident hazırda Azərbaycanda orta əməkhaqqının 520 dollar səviyyəsində olduğunu deyib. "Orta pensiya 200 dollar səviyyəsindədir. Gələn illərdə bu rəqəmlər artacaq. Bu rübdə vətəndaşların pensiyaları da, əməkhaqları da artırılacaq. Gələn illərdə də eyni siyasət aparılacaq. Bir daha demək istəyirəm ki, iqtisadi islahatlar çox güclü sosial siyasətlə dəstəklənməlidir. Hesab edirəm ki, ölkəmizin bu sahədə əldə etdiyi uğurlar nümunə ola bilər.
Regional inkişaf proqramında nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapmaqdadır. Regionlara mənim mütəmadi səfərlərim imkan verir ki, vəziyyətlə yerində tanış olum və müvafiq göstərişlər verim. Deyə bilərəm ki, bütün bölgələrdə, bütün rayonlarda çox ciddi inkişaf gedir, canlanma, çox gözəl əhval-ruhiyyə var. Quruculuq-abadlıq işləri üstünlük təşkil edir. Rayonlar, kəndlər abadlaşır, böyük sənaye müəssisələri yaradılır. İşsizlik demək olar ki, aradan qaldırılır. Bütövlükdə bu ilin əvvəlində işsizliyin səviyyəsi beş faizdən bir qədər çox idi. Hesab edirəm ki, ilin sonuna qədər bu rəqəm daha da azalacaq. Amma o da həqiqətdir ki, 5 faiz səviyyəsində işsizlik istənilən ölkə üçün arzu olunan rəqəmdir. Bəzi inkişaf etmiş ölkələrdə bu rəqəm 10 faiz, 15 faiz, 25 faiz səviyyəsinə qalxır. Əlbəttə ki, bu, çox ciddi sosial problemlərə gətirib çıxarır. İşsizliyin aradan qaldırılması 10 il bundan əvvəl qarşıya qoyulmuş ən əsas vəzifələrdən biri idi. On il ərzində 1 milyon 180 min yeni iş yeri açılıb. Bu ilin altı ayında 55 min iş yeri yaradılıb. Onlardan 45 mini daimi iş yeridir. Yəni, bu proses davam edir və bu da təbiidir. Çünki bizim iqtisadi siyasətlə bağlı təşəbbüslərimiz, o cümlədən Azərbaycanda aparılan sənayeləşmə siyasəti əlbəttə ki, yeni iş yerlərinin açılmasına gətirib çıxarır".
Azərbaycanın son illərdə bir çox mötəbər tədbirlərə ev sahibliyi etdiyini deyən dövlət başçısı, ölkəmizin dünya miqyasında çox böyük hörmətə malik olan bir ölkə olduğunu söyləyib. "Əlbəttə ki, bu, bizi çox sevindirir və bu, bizim məqsədimiz idi. Əlbəttə, mən bunu dəfələrlə demişəm və son on il ərzində bu siyasəti aparmışam ki, ilk növbədə, bizim bütün səylərimiz daxildə gedən proseslərin müsbət istiqamətdə davam etməsinə yönəlsin və biz bu istiqamətdə çox böyük uğurlara nail olduq".
Azərbyacanın enerji siysətindən söz açan İlham Əliyev keçən rübdə ciddi hadisələrin baş verdiyini xatırladıb. "Cənub" qaz dəhlizinin marşrutu seçildi. Bu tarixi hadisədir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri qədər bizim üçün önəmlidir. Bildiyiniz kimi, dünyanın diqqəti Azərbaycana yönəldilmişdir. Azərbaycanda verilən qərarlar əminəm ki, bölgənin gələcək enerji xəritəsinə ciddi dəyişikliklər edəcək. "Cənub" qaz dəhlizinin seçilməsi və bu məsələ ilə bağlı "Şahdəniz" konsorsiumunun vahid mövqeyi çox müsbət hal kimi qiymətləndirilməlidir. Bu layihə bizə imkan verəcək ki, öz qaz potensialımızı maksimum dərəcədə realizə edək və bayaq qeyd etdiyim kimi, Azərbaycan iqtisadiyyatına on milyard dollar səviyyəsində ölçülən investisiyalar qoyulacaq.
Biz öz təşəbbüsümüzü əldən vermirik. Enerji sahəsində bizim təşəbbüslərimiz həlledici rol oynayır. Bizim təşəbbüslərimiz əməkdaşlığa yönəldilibdir. Enerji təhlükəsizliyi məsələlərinin həlli bu gün Azərbaycansız mümkün deyil. Bu da reallıqdır və hesab edirəm ki, hər kəs bunu bilməlidir. Azərbaycanda verilən qərarlar həlledicidir. Azərbaycanda verilən qərarlar enerji təhlükəsizliyi məsələlərinə əvəzsiz töhfədir. Azərbaycanda verilən qərarlar gələcəkdə də bu məsələ ilə bağlı son sözü deyəcəkdir. Bu, reallıqdır. Mən hesab edirəm ki, bunu hamı bilməlidir. Əlbəttə ki, bu, ölkəmizin önəmini daha da artırır, ölkəmizin siyasətinin bölgə üçün və qitə üçün önəmli olduğunu bir daha təsdiqləyir. Bu, bizim üstünlüyümüzdür. Ancaq həmişə dediyim kimi, bu üstünlük göydən düşməyib. Biz özümüz bunu yaratmışıq, - öz fədakar işimizlə, məqsədyönlü siyasətlə, cəsarətli addımlarla. Bu gün enerji məsələlərini siyasi məsələlərdən ayırmaq mümkün deyildir. Əgər bizim siyasi gücümüz, güclü iradəmiz olmasaydı, cəsarətli addımlar atılmasaydı, bunların heç biri mümkün olmazdı. Bunu da hamı bilməlidir".
Prezidentin sözlərinə görə, Azərbaycanda dövlət xərcləri, büdcə xərcləri ildən-ilə artır: "Bu gün bu rəqəmlər səsləndi, icmal büdcə də, investisiya layihələri, sosial ödəmələr, maaşlar, pensiyalar da artır. Sovet dövründən qalmış əmanətlərin demək olar ki, mütləq əksəriyyətini qaytarmışıq. Bax, görülən bütün bu işlərin fonunda inflyasiyanı aşağı səviyyədə saxlamaq, əlbəttə ki, böyük nailiyyətdir və mən bunu qiymətləndirirəm. İnflyasiyanın aşağı səviyyədə qalması, ilk növbədə, sosial məna daşıyır. Bu, dövlətin öz vətəndaşlarına olan münasibətini bir daha göstərir".