Təqsirləndirilən şəxsin vəkili İsmayıl Mirzəzadə virtualaz.org saytına açıqlamasında Mədətovlar ailəsinin «qanı su ilə yumaq» niyyətində olduqlarını deyib: «Bu, bir qəzadır. Əlbəttə, heç kim istəməzdi ki, belə bir faciə yaşansın. Bu cür qəza hər birimizin başına gələ bilər. Bu, düşünülmüş, planlaşdırılmış qətl deyil, ehtiyatsızlıq üzündən baş vermiş hadisədir.
Mədətovlar tərəfindən Ağasəlim Abdullayevlə barışmaq üçün çox cəhdlər oldu. Amma hələ ki, konkret heç nə yoxdur. Belə bir məsəl var: qanı qanla yox, su ilə yuyarlar. Biz qanı su ilə yumaq niyyətindəyik. Xalid Mədətov belə bir faciənin baş verməsindən çox peşmandır».
Vəkilin sözlərinə görə, qəzanın X.Mədətovun sərxoşluğu ucbatından baş verməsi barədə deyilənlər həqiqətəuyğun deyil: «Xalid özü də deyib ki, içkili olmamışam. Amma ona Cinayət Məcəlləsinin 263.1.4-cü maddəsi ilə (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) cinayət işi qaldırıblar. Bu maddə ilə ittiham olunanları 7 ildən 12 ilə qədər həbs cəzası gözləyir».
Qeyd edək ki, martın 15-də Suraxanı rayonu ərazisində, Zığ şosesində X.Mədətov «Mercedes-Benz Gelandewagen-55» markalı avtomobilini idarə edərkən xalq artisti Ağasəlim Abdullayevin oğlunun idarə etdiyi «VAZ-2106»-a çırpılıb. Nəticədə «VAZ-2106»da olan sərnişinlər - xalq artistinin həyat yoldaşı, 1959-cü il təvəllüdlü Brilyant Abdullayeva və 2008-ci il təvəllüdlü nəvəsi Ağasəlim Abdullayev hadisə yerində ölüblər. 1950-ci il təvəllüdlü Ağasəlim Abdullayev (məşhur tarzən, xalq artisti) və onun gəlini, 1984-cü il təvəllüdlü Səadət Abdullayeva isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.
Fakta görə Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Sürücü X.Mədətov narkoloji tibbi müayinədən keçirilərkən orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edildiyindən cinayət işi CM-in 263.1.4-cü maddəsinə tövsif olunub.
Qəzadan iki gün sonra Mübariz Mədətov prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad edilib, oğlu Xalid Mədətov isə həbs olunub. M.Mədətov Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin sabiq rəisi Aydın Bəşirovun həm qudası, həm də biznes ortağıdır.