Vaxt.Az

Şəhidlərimiz torpağa tapşırıldı


 

Həlak olan əsgərlərimizin ikisi qohum imiş

Şəhidlərimiz torpağa tapşırıldı Azərbaycan ordusu 8 şəhid verib. Şəhid olanlardan 2-si gizir, 6-sı isə əsgərdir.

Onlar - Sumqayit şəhərindən həqiqi hərbi xidmətə çağırılan 1995-ci il təvəllüdlü əsgər Abdinov Hüseyn Etibar oğlu, Qazax rayonundan hərbi xidmətə çağırılan gizir, 1977-ci il təvəllüdlü Almazov İsa Ziyad oğlu, Masalli rayonundan hərbi xidmətə çağırılan 1995-ci il təvəllüdlü əsgər Rəhimov Əli Fətulla oğlu, Xaçmaz rayonundan hərbi xidmətə çağırılan 1996-ci il təvəllüdlü Əlicoşqunov Mustafa Əhmədcan oğlu, Salyan rayonundan hərbi xidmətə çağırılan 1995-ci il təvəllüdlü əsgər Məmmədov Səftər Əlihüseyn oğlu, Quba rayonundan hərbi xidmətə çağırılan 1995-ci il təvəllüdlü əsgər İbrahimov Elnur Məhyəddin oğlu, Tovuz rayonundan hərbi xidmətə çağırılan 1995-ci il təvəllüdlü əsgər Poladov Vüqar Hidayət oğlu, Ağdam rayonundan hərbi xidmətə çağırılan 1992-ci il təvəllüdlü gizir Əhmədov Qaryağdı Eldar oğludur.

Şəhid olanlardan 5 nəfəri bu gün torpağa tapşırılıb.

Qaryağdı Əhmədov Ağdamın işğal olunmuş Saybalı kəndində anadan olub. O, bu gün rayonun Quzanlı kəndində dəfn edildi. Şəhidi son mənzilə yola salmaq üçün onun hərb hissədəki yoldaşları da gəlmişdi.

4 övladı olan şəhid gizir Almazov İsa Qazaxda doğulduğu Cəfərli kəndində torpağa tapşırıldı. Şəhidin dəfn mərasimində hərbçilərlə yanaşı bütün rayon ictimaiyyəti də iştirak edib.

Ailənin tək oğlan övladı olan şəhid Vüqar Poladov Tovuzda doğulduğu Öysüzlü kəndində dəfn edildi. Vüqarın iki aydan sonra hərbi xidməti başa çatacaqdı. Elə əsgəri xidmətinin bitməsinə hazırlaşan Vüqar dünən ailəsi ilə danışanda onlardan geyim almaq üçün pul da istəyib.

Şəhid Vüqarın anası Kifayət Poladovanın sözlərinə görə, Vüqar axşam zəng etmişdi, danışıb söhbət etdik: «Dedi ki, mənə pul göndər, gələndə paltar alacam. Sonra Vüqar dedi ki, burada atışmadı».

Şəhid olan Mustafa Əlicoşqunovun yaxınları onun vətənini sevən cəsur biri olduğunu deyir.

Şəhid Mustafanın anası Əminə Əlicoşqunova deyir ki, «Gərək belə olmayaydı, amma neyləmək olar, vətən sağ olsun!»

Şəhid Mustafa ilə şəhid Elnur İbrahimov qohum imiş. Onların hər ikisi də bu gün dəfn edilib. Mustafa doğulduğu Xaçmaz rayonunda, Elnur isə Qubada.

Şəhid Elnurun atası Məhyəddin İbrahimov deyib: «Allah bütün şəhidlərə rəhmət eləsin, içində də mənim balama, əlbəttə ki, vətən uğrunda gedib».

Vətənini, torpağını canından, qanından üstün tutan şəhidlərimizə Allahdan rəhmət diləyirik (ANS).

 





01.08.2014    çap et  çap et