Bu fikirləri Modern.az-a Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib. Deputat şəhid övladlarımızın qanının yerdə qalmayacağını vurğulayıb və bu gün Azərbaycan Müdafiə Nazirliyinin məsələ ilə bağlı bəyanatına diqqət yönəldib: «Səkkiz hərbçimizin şəhid olması bir daha onu göstərdi ki, Azərbaycanın bir nömrəli problemi torpaqlarımızın işğaldan azad olunması məsələsidir. Bunun üçün hər birimiz torpaqlarımızın azad olunması yönündə üzərimizə düşən işi yerinə yetirməyi bacarmalıyıq».
M. İbrazhimqızı qeyd edib ki, atəşkəs olsa da, demək olar ki, vaxtaşırı şəhid veririk və bu da dözülməz haldır. «Hesab edirəm ki, artıq bunun da sonu olmalıdır. Əgər torpaqlar işğal altındadırsa, hər gün şəhid verilirsə, Azərbaycan dövlətinə xəyanət edənlərə Azərbaycanda yer olmamalıdır». O vurğulayıb ki, beynəlxalq təşkilatlar Azərbaycan xalqının qeydinə qalırlarsa, Azərbaycan insanlarının ermənilər tərəfindən pozulmuş hüquqlarını da diqqətə gətirilsin:
«Hər gün erməni gülləsinə tuş gələn mülki vətəndaşları, hərbiçilərimizi diqqətə gətirsinlər. Həqiqətən Azərbaycanın halına yanırlarsa, bu məsələni beynəlxalq müstəvidə müzakirə etsinlər». Deputat bir daha qeyd edib ki, bu gün Azərbaycanın bir nömrəli prioritet vəzifəsi Qarabağdır: «Hər gün Qarabağ, hər yer Qarabağ, hamı Qarabağ olmalıdır. Hər gün bu qədər şəhid verə bilmərik. Vətənimiz sağ olsun!»