Fotoda zirehli transportyorlar yüklənmiş eşelondan söhbət gedir. Ehtimal edilir ki, bütün təmas xətti boyu Ermənistan ordusunun həmlələri ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi cəbhəyə əlavə hərbi texnika cəmləşdirir.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib ki, bütün cəbhə xətti boyunca ağır texnika yerləşdirilir. Bu da nazir Zakir Həsənovun əmri ilə edilir.
V.Dərgahlı əlavə edib ki, Zakir Həsənov cəbhə xətti ilə daimi təmasdadır, vəziyyətə şəxsən nəzarət edir və generallara və komandirlərə lazımi tapşırıqlar verir.
***
12:18
ANS-in əldə etdiyi son məlumata görə, cəbhədə şəhid olanların sayı 5-ə çatıb. Lakin hələlik onun adı bəlli deyil. Atışma zamanı 8 əsgərimiz yaralanıb.
***
09:45
Avqustun 1-dən 2-nə keçən gecə erməni kəşfiyyat-təxribat qrupu cəbhənin Ağdam-Ağdərə istiqamətində müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlara növbəti dəfə basqın etməyə cəhd göstərib.
Virtualaz.org Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin hərbi qulluqçularının göstərdiyi şücaət nəticəsində düşmənin cəhdinin qarşısı qətiyyətlə alınıb. Düşmən itki verərək geri çəkilməyə məcbur edilib.
Düşmən təxribatı zamanı onun hücumunun qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin bölmələri itki verib.
Həlak olan hərbi qulluqçular:
- gizir Əliyev Pərvin Səlahəddin oğlu;
- kiçik gizir Hüseynov Rahil Əfsər oğlu;
- kiçik gizir Əhmədov Elçin Rasim oğlu;
- müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Quliyev Sərxan Qeyrət oğlu.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir!
Hazırda erməni təxribatının qarşısının alındığı istiqamətdə vəziyyət Azərbaycan Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır.