***
14:43
Rəsul Cəfərovun vəkili Xalid Bağırov «Azadlıq» radiosuna deyib ki, o, müvəkkilinin ardınca Baş Prokurorluğa gedir.
Virtualaz.org saytının hüquq-mühafizə orqanlarından əldə etdiyi xəbərə görə isə R.Cəfərov bir neçə dəqiqə öncə Baş Prokurorluqdan Nəsimi Rayon Məhkəməsinə aparılıb.
***
13:02
İnsan Haqları Evinin rəhbəri Rəsul Cəfərovun həbs edilməsi xəbəri yayılıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Rəsul Cəfərov prokurorluqda dindirilib, daha sonra isə onun evində axtarış aparılıb.
Hazırda R.Cəfərovun harada saxlanılmasına dair heç bir məlumat yoxdur (azadliq.info).
Virtualaz.org saytı xatırladır ki, R.Cəfərov «facebook inqilabı» havasına girən gəncliyin nümayəndələrindən biri, qrant yemək üzrə məşhur «mütəxəssisdir». O, ABŞ xüsusi xidmət orqanlarının Azərbaycandan qovulmuş əməkdaşı Rebekka Vinsentlə sıx işbirliyində idi. R.Cəfərov «Sing for Democracy» və «Art for Democracy» kampaniyaları üçün yüz minlərlə manat məbləğində qrantlar alıb. Lakin R.Cəfərov xarici təşkilatların onun qarşısında qoyduğu vəzifələri yerinə yetirməyə nail olmayıb.
Rəsul Cəfərov iyulun 31-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində 6 saat dindirilib.
Rəsul Cəfərov bildirib ki, o, bir sıra yerli və xarici QHT-lərə qarşı açılmış cinayət işi üzrə şahid qismində dindirilib və bütün suallara cavab verib.
Onun mənzilində axtarış aparılıb. Rəsul Cəfərov facebook profilində yazıb ki, axtarış zamanı istintaqı maraqlandıran sənədlər tapılmayıb. Ötən ay Rəsul Cəfərovun bank hesabına həbs qoyulub, ayın 25-də ölkədən çıxması yasaqlanıb.