Vaxt.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, bunu Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Təxirəsalınmaz cərrahiyyə bölməsinin rəisi tibb xidməti polkovnik-leytenantı Zirəddin Abbasov deyib.
O qeyd edib ki, son günlər cəbhə bölgəsində baş verən hadisələrlə əlaqədar müdafiə naziri, general-polkovnik Zakir Həsənovun göstərişi ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının aparıcı mütəxəssisləri bölgələrə ezam olunublar: «Yaralılara müvafiq tibbi yardım göstərilib. İxtisaslaşdırılmış yardıma ehtiyacı olanlar müasir tibbi avadanlıqlarla, o cümlədən, həkim briqadası ilə təmin olunmuş sanitar-aviasiya ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına təxliyə olunub. Hospitala daxil olan yaralılara ixtisaslaşdırılmış yardım göstəriləndən sonra müvafiq bölmələrə yerləşdirilib. Onların müalicəsi müdafiə nazirinin tam nəzarəti altındadır».