Sovet dövrünün öz qəhrəmanları, öz tələbləri var idi. Sosializm yarışının qaliblərini xoşbəxt gələcək və məşhurluq gözləyirdi. İndi bizi həmin dövrdən illər ayırır. Nə sovet hökuməti var, nə də bol məhsul uğrunda sosializm yarışı. Həmin dövrün əmək qəhrəmanları da unudulub. Yazımızın qəhrəmanı vaxtı ilə şöhrətin zirvəsinə ucalan, şəkili qəzetlərdən düşməyən, milyonlarla gəncə nümunə kimi göstərilən Sevil Qazıyevadır. Ötən əsrin altmışıncı illərində qəfil şimşək kimi çaxıb, tez də sönən Sevil Qazıyeva. Sevil üç il ərzində sıravilikdən məşhurluğacan yol keçib, iyirmi üç yaşında elə pambıq tarlasında dünyasını dəyişib. Yarım əsrə yaxın vaxt ötməsinə baxmayaraq, hələ də ölümü barədə eşidənlərin-bilənlərin dilində söhbətlər dolaşır.
Həkim, mürəttib, şair, mexanizator...
“Günəşin bacısı” kimi tanınan, bir vaxtlar dərsliklərdə belə əməyindən, hünərindən gen-bol yazılan Sevilin adı az qala o zaman Mil düzünün rəmzinə çevrilmişdi. Doğrudan, dünya qəribəliklərlə doludu. Zaqatalanın Aşağı Tala kəndində, kasıb ailədə dünyaya göz açan, sarışın, xoş simalı bu qız ağlına belə gətirməzdi ki, orta məktəbi bitirib həkim olmaq arzusu ilə Bakıya gəlişinin ardından onu hahsı macəralar gözləyir. Məhz macəra, bu yerdə sürpriz sözü qətiyyən yerinə düşmür. Tibb İnstitutuna qəbul zamanı müsabiqədən keçmədiyini görüb, rayona dönmək istəməyən dağlar qızı keçmiş Montin qəsəbədəki 5 saylı peşə məktəbinə üz tutmaqla, sanki, özünü macəralarla dolu həyatın qoynuna atır. Əvvəlcə həkimlik sevdası, sonrasa tam fərqli sahə-poliqrafiya. Amma Sevil poliqrafiya işində də çalışmadı. Daha doğrusu mürəttib olmağa macal tapmadı. Bir qəzet yazısı onun yolunu tamam dəyişdi. Həmin məqalə özbək qızı Tursunoy Axundovanın maşınla pambıq yığımında göstərdiyi hünər barədə idi. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin (Sov. İKP MK) 1959-cu ilin yekunlarına həsr olunmuş dekabr Plenumunun materiallarında bu xanımın əməyi xüsusi qeyd olunurdu və o dövrün qaydalarına görə plenumun materialları bütün qəzetlərdə işıqlandırılırdı. Bu isə o demək idi ki, SSRİ boyda nəhəng ölkədə hamı özbək pambıqçısının işindən xəbər tutmuşdu. Əlbəttə, indi belə şeylər yeniyetmə və gənclərə adi görünə bilər. O illərin əksər gənclərində isə mövcud quruluşa fanatikcəsinə vurğunluq var idi. Onlar nümunə göstərməyə, seçilməyə, bu gün şüar kimi səslənsə də vətənə fayda verməyə can atırdılar. Sevil və onun rəfiqələri məhz belələrindən olmasaydı necə deyərlər, öz isti yerlərini soyuq eləyərdilərmi? Görünür bir yandan qabaqcıl olmaq, o biri yandansa xalqının işinə yarımaq istəyi bizim qəhrəmanı «Qızlar, sükan arxasına!» hərəkatını başlamağa sövq etmişdi. Təsadüfi deyil ki, Sevil tez bir zamanda qərara gəlmiş və bunun nəticəsi kimi artıq 1960-ci il yanvarın 20-də “Azərbaycan gəncləri” qəzetində “Tursunoy, biz səninləyik” adlı məqalə dərc olunmuşdu. Həmin məqalədə Sevillə yanaşı onun məktəb yoldaşları- şəmkirli Məmləkət Tağıyeva, astaralı Solmaz Qəmbərova və indiki Göy göl rayonundan olan Diləfruz Ocaqquliyevanın o zamankı respublika komsomolunun və nazirlər soveti yanında texniki-peşə təhsili idarəsinin rəhbərliyinə ünvanladıqları ərizə də yer almışdı.
“Biz, 5 nömrəli sənət məktəbinin şagirdləri ölkəmizdə kənd təsərrüfatını daha da inkişaf etdirmək məsələlərini müzakirə etmiş Sov. İKP Mərkəzi Komitəsinin dekabr (1959-cu il) Plenumu qərarlarının əhəmiyyətini başa düşürük…Plenumun qərarına cavab olaraq orta təhsilli, komsomolçu, biz Azərbaycan qızları, özbək bacımız, Sosialist Əməyi Qəhrəmanı Tursunoy Axunovanın təşəbbüsünə qoşularaq, pambıqyığan maşınlarda işləmək üçün, sürücü-mexanik peşəsinə yiyələnməyi və kənd təsərrüfatını mexanikləşdirmə məktəbinə keçməyi qərara almışıq…”
O illərdəki hadisələrin canlı şahidi və bilavasitə iştirakçısı, komsomol və partiya işində yüksək vəzifələrdə çalışmış Çingiz Fərəcov 1959-cu ildə keçmiş məktəb yoldaşı Diləfruz Ocaqqulievaya baş çəkmək üçün peşə məktəbinə gedərkən orada tanış olduğu Sevil Qazıyevanın bundan sonrakı həyatının onun gözləri qarşısında keçdiyini xatirələrin diliylə söylədi:
-1960-cı ilin yanvarında Sevilgilin qəzetdəki müraciətini oxuyub yanlarına getmişdim. Qızlar mənə dedilər ki, bəs ərizəmizin bir surətini texniki peşə idarəsinə yollamışıq. Elə yaxşı gəlmisən, gedək biznən, o biri nüsxəni də respublika komsomolunun mərkəzi komitəsinə təqdim edək. O zaman Şuşada texnikumda komsomolun katibiydim deyə komsomolun mərkəzi komitəsində məni yaxşı tanıyırdılar. Ona görə qızlara ürək-dirək verməyə məndən yaxşı kim ola bilərdi. Nə isə, getdik, əvvəlcə şöbə müdiri Sahib Sailovun yanında olduq, sonra resrublika komsomolunun katibi Məsud Əlizadə bizi qəbul elədi. Açığı, onlar üçün bu təşəbbüs göydəndüşmə oldu. Ona görə tez bir zamanda Bakının Binə qəsəbəsindəki kənd təsərrüfatını mexanikləşdirmə məktəbində birillik təhsillə sürücü-mexanik hazırlayan kurs açıldı. Kursun ilk şagirdləri də məhz Sevil və üç rəfiqəsi oldu.
…Həmin ilin payızında bizim qəhrəman sonralar onu məşhurlaşdıracaq Mil düzündə keçmiş Jdanov rayonundakı (indiki Beyləqan – S.E.) 5 nömrəli sovxozda bir aylıq istehsalat təcrübəsi zamanı maşınla 97 ton pambıq yığdı. Dağlar qızı o vaxtacan üzünü görmədiyi Millə ilk tanışlığından məmnun qaldı. Bu tanışlıq Sevilin məşhurluğa gedən yolunun bünövrəsini qoydu. Mexanizatorluğundan daha çox dilli-dilavərliyilə sevilib-seçilməsi onu diqqət mərkəzində saxlayırdı. Burası da həqiqətdi ki, pambıq yığımındakı uğurlarıyla yanaşı, coşğun, qaynar təbi, pafoslu danışığıydı onu Azərbaycan və onun hüdudlarından kənarda gənclərlə, əməkçilərlə bağlı bütün tədbirlərin əsas qəhrəmanına çevirən. Sevilin dilindən səslənən
Qoy pambıq dağları ucalsın göyə,
Vətən başdan-başa bir bahar olsun.
Maşınlar tarlaya, kətmən muzeyə!
Bu söz dilimizdə bir şüar olsun.
şeir parçasının o dövrdə pambıqçı qızların bir növ himni kimi oxunması təsadüfi deyildi. Yaxud onun Daşkənddə kənd təsərrüfatı qabaqcıllarının müşavirəsində azərbaycanca odlu-alovlu çıxışı, Tursunoy Axunovaya həsr elədiyi şeri oxuyaraq onu yarışa çağırması, fasilədə o zaman dünyanın birinci kosmanavtı kimi hamının əzbərdən tanıdığı Yuri Qaqarinlə rəqs etməsi, ümumittifaq komsomolunun qurultayına nümayəndə, daha sonra Azərbaycan Ali Sovetinə deputat seçilməsi, Qırmızı Əmək Bayrağı ordeni alması adi məsələydimi? Bütün bunlar 1961-ci ildən 1963-cü il sentyabın 27-dək baş verənlərdi.
Müdhiş gecə…
Sentyabrın 27-dən 28-ə keçən gecə artıq Sevil həyatda yox idi. O üç il əvvəl tanış olduğu Mil düzündə, pambıq sahəsində, necə deyərlər iş başındaca həlak oldu. Adi diqqətsizlik ucundan həmişə sözünə baxan kombaynın pambıqsoran borusunda hamının qibtə elədiyi saçlar onu ilişdirdi… Mexanizator xanımın sürətini insan gözüylə görmək mümkün olmayan pərlərə dolaşan saçları bir andaca onun başının dilbilməz dəmirlər arasında əzilib, sifətinin tanınmaz şəklə düşməsi ilə bitdi…
Təsadüfə bax ki, həmin gün müdhiş hadisə baş verməzdən öncə Sevil Qazıyeva dostu Çingiz Fərəcovun əlindən növbəti mükafatı alır. Sevilin sonuncu günü Çingiz müəllimin gözləri qarşısında keçib: “Sevilə mükafat vermək üçün həmin gün mən və kənd təsərrüfatı sahəsində məsul vəzifədə çalışan Məmməd Xəlilov rayona ezam olunmuşduq. “Azərinform”un fotomüxbiri Yaşar Xəlilovun həmin tədbirdən çəkdiyi şəkillər bütün respublikaya yayılmalı idi. Həmin gün mükafatı Sevilə çalışdığı sovxozda təqdim etdik. Yaşar Xəlilov onun şəkillərini çəkdi. Kim bilərdi ki, bu Sevilin son şəkilləridir. Zəhməti, həyatsevərliyi ilə seçilən bu qız cəmi bir neçə saatdan sonra həlak olacaq... Tədbirdən sonra Sevilgilə gəldik. Axşam düşməsinə baxmayaraq, Sevil pambıq sahsinə qayıtmaq istədi. Dedi ki, bu günki iclas onun xeyli vaxtını aldığından pambıq toplaya bilməyib. Nə biz, nə də anası onu fikrindən daşındırammadıq. Sevil sahəyə qayıtdı. Bir müddət sonra onun Qənimət adlı köməkçisi ağlaya-ağlaya gələrək bədvəxt hadisənin baş verdiyini dedi. Biz hadisə yerinə çatanda Sevil can verirdi. Sifətinin bir hissəsi tanınmaz hala düşmüşdü. Bu illər ərzində mətbuatda həmin faciə haqqında yazanların arasında Sevil Qazıyevanı hansısa planlaşdırılmış bir sui-qəsdin qurbanı kimi təqdim etmək istəyənlər peyda olub. Mən tam əminliklə deyə bilərəm ki, həmin müdhis gecədə baş verənlər bədbəxt bir hadisənin nəticəsi idi. Hadisədə başqa nə isə axtarmaq əsassızdır. Sevilin ölüm xəbərini Bakıya, respublika rəhbərliyinə də mən çatdırdım. Səhəri gün “Kommunist” qəzetində dərc olunan rəsmi nekroloqun mətnini yazıb gecə telefonla redaksiya ötürməli oldum. Azərbaycan hökumətinin rəsmiləri bu xəbəri dərhal Moskvaya çatdırdılar. Sevilin ölümü ilə bağlı məsələni araşdırmaq üçün Moskvadan göndərilən xüsusi nümayəndə elə həmin gün səhərə yaxın hadisə yerinə gələrək qəzanın baş verdiyi sahəyə baş çəkdi”.
Bu gün Sеvil həyatda yохdu. Amma nə yaхşı, təvazökarlıqdan özü dеməsə də, bildiyimə görə Ç.Fərəcоvуn böyük əməyi, gərgin inadı sayəsində qəhrəman qızın adına salınmış оn hеktarlıq bağın bir parçası və həmsöhbətimizin “Mil düzündən Sеvil kеçdi» kitabının qоnоrarı hеsabına уcaldılmış abidə yaşarlığın saхlayır. Yəqin Çingiz müəllim bir vaхtlar ağlına bеlə gətirməzdi ki, Sеvilin ölümündən sоnra Sоsilist Əməyi Qəhrəmanı fəхri adına layiq görülməsi üçün Krеmlə saysız-hеsabsız məktub yazması və üç idən sоnra buna nail оlması, еlə оnun təşəbbüsüylə Bеyləqanda yaradılmış еv-muzеyinin bu gün də mövcudluğu günümüzün bəzi məmurlarının vеcinə bеlə gəlməyəcək. Bununla bеlə, S.Qazıyеvanın həyatından nümunə götürməyə dəyər məncə. Uzaq kеçmişdə mərhum şair Nəbi Хəzrinin yazdığı kimi:
Görsəniz, уcalır tənha bir söyüd
Dеyin ki, mənəm.
Əyilib Arazdan su içir söyüd,
Dеyin ki, mənəm.
Nə qədər bahar var, Azər еlində
Dеyin ki, mənəm.
Nə qədər çinar var, Azər еlində
Dеyin ki, mənəm.
Həyat nəğməsini çaldıqca Milim
Dеyin ki, mənəm.
Əsrdən əsrə qalхdıqca Milim
Dеyin ki, mənəm…