Avqustun 3-də şəhid olan Qaryağdı Əhmədovun Ağdamın yeni Quzanlı qəsəbəsində yerləşən ata evində 3 mərasimi keçirilib. Virtualaz.org saytının Ağdama ezam olunmuş müxbiri xəbər verir ki, mərasimdə xeyli sayda rayon sakinləri, Azərbaycanın müxtəlif bölgələrindən gələn gənclər, rayon icra hakimiyyətinin, müdafiə nazirliyinin, rayon prokurorluğunun, rayon polisinin nümayəndələri iştirak edib.
Şəhidin atası Eldar Əhmədova Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik İslam Gəncəliyev tərəfindən medal təqdim edilib. Xatırladaq ki, avqustun 3-də müdafiə naziri Zakir həsənovun əmri ilə şəhid olan həbrçilərimiz «Hərbi xidmətdə fərqlənməyə görə» 3-cü dərəcəli medalla təltif edilib.
Şəhid atası Eldar Əhmədov əməkdaşımızla söhbətində evinin sonbeşiyi olan oğlunun şəhid olması ilə fəxr etdiyini deyib: «Üç oğlum, bir qızım var idi. Qaryağdı evimin sonbeşiyi idi. Onu şəhid verdim. Bu mənim üçün, xalqım üçün fəxrdir. Oğlumu alnıdik şəkildə torpağa tapşırdım. O bu, vətən üçün şəhid oldu».
Qaryağdı Əhmədov Tovuz rayonunda hərbi xidmətdə olub. Xidmətdən qayıtdıqdan sonra Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq xidmət edən (MAXE) hərbçi kimi cəbhəyə yollanıb. 3 ay cəbhə bölgəsində olan Qaryağdı Əhmədov doğum günündə - avqustun 1-də düşmənin snayperdən açdığı atəş nəticəsində şəhid olub. Şəhidin cənazəsi qardaşı tərəfindən kənd camaatının iştirakı ilə Ağdam şəhər məscidində yuyulub və torpağa tapşırılıb.
Atası Eldar Əhmədov bildirib ki, oğlu 3-4 gün əvvəl anasına şəhid olacağını deyibmiş: «Bir həftəlik məzuniyyətə çıxmışdı. Bakıda olan qardaşının yanına gedib qayıtdı. Burda olanda anasına dedi ki, «yaxın günlərdə mənimlə fəxr edəcəksən. Oğlun şəhid olacaq. Sən oğlunun şəhid olması xəbərini eşidəcəksən, bununla fəxr edəcəksən». Sanki hiss edirdi. Məzuniyyətdə olanda da posta getmişdi. Onu dəfn edərkən qəbrinə torpaq atanda yağış yağdı. Bir neçə saniyəlik, anidən oldu. Əlbəttə bunda da bir hikmət var. Bu Allahın şəhidlərimizə rəhməti idi».