Vaxt.Az

Azərbaycanın regional İKT mərkəzinə çevrilir


 

Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə baş iqtisadçısı nazirlə görüşüb

Azərbaycanın regional İKT mərkəzinə çevrilir Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov "Azərbaycanın Diversifikasiya Hesabatı" üzrə əldə edilən nəticələri təqdim etmək məqsədilə Azərbaycana səfər edən Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya üzrə baş iqtisadçısı Mona Prasad və bankın Azərbaycan üzrə meneceri Larisa Leşçenko ilə görüşüb. Nazirlikdən cümə axşamı Trend-ə verilən məlumata görə, görüşdə DB ilə Azərbaycan arasındakı faydalı əməkdaşlıq münasibətlərindən söz açan nazir ölkəmizdə bazar iqtisadiyyatının qurulması, modern infrastrukturun yaradılması, maliyyə sektorunun inkişafı sahəsində görülən işlərə Dünya Bankının aktiv dəstək verdiyini vurğulayıb.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin DB ilə əlaqələrindən, xüsusən bankın dəstəyi ilə həyata keçirilən "Maliyyə xidmətlərinin inkişafı layihəsi"ndən də danışan Ə.Abbasov "Azərpoçt" MMC-nin mövcud platformasından istifadə etməklə Azərbaycanda maliyyə xidmətlərinin inkişafına şəraitin yaradılması, kənd yerlərində və kiçik şəhər mərkəzlərində əhalinin bank-maliyyə xidmətlərinə sərbəst çıxışının təmin edilməsi, yerli poçt şöbələri vasitəsilə müştərilərə geniş həcmli xidmətlərin təklifi üzərində işlərin uğurla həyata keçirildiyini, DB ilə qurulan əməkdaşlığın növbəti illərdə də davam edəcəyinə ümidvar olduğunu bildirib.
Səfərin missiyasından söz açan Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə baş iqtisadçısı M.Prasad isə qeyd edib ki, görüşün məqsədi "Azərbaycanın Diversifikasiya Hesabatı" üzrə müəyyən edilən məsələlər və gəlinən qənaətlərin müzakirəsi əsasında məsləhət və şərhlərin öyrənilməsi, fikir mübadiləsinin aparılmasıdır.
Baş iqtisadçı ötən 10 il ərzində Azərbaycanda İKT, telekommunikasiya, internet, peyk sənayesinin qurulması və s. istiqamətlərdə səmərəli işlərin həyata keçirildiyini, bu sahədə qazanılan uğurların isə yalnız Azərbaycanın deyil, dolayısı ilə region ölkələrinin iqtisadiyyatına da töhfə verdiyini vurğulayıb: "İKT sahəsində aparılan diversifikasiya ümumi iqtisadiyyatın şaxələndirilməsi istiqamətində çox doğru addım kimi qiymətləndirilir. Dünya Bankı yeni yanaşma olaraq, fiziki kapital, insan kapitalı və dövlət təsisatlarının islahatları kimi 3 istiqamət üzrə diversifikasiyanın tərəfdarıdır. Məhz bu istiqamətlər ölkələrin iqtisadiyyatının davamlılığını təmin edəcək amillər kimi qiymətləndirilir".
M.Prasad DB-nin "Azərbaycan üçün diversifikasiya və artım sahəsində "neft dövründən sonrakı" seçimlər" təqdimatı üzrə Azərbaycanda İKT sahəsi ilə bağlı tövsiyələrindən də söz açaraq, burada əsasən 3 istiqamətə - daxili tələbin həcminin genişləndirilməsi, Azərbaycanın regional İKT mərkəzinə çevrilməsi, tənzimləyici mühitin inkişaf etdirilməsinə önəm verildiyini deyib.
Qeyd edək ki, görüşdə səsləndirilən rəy və təkliflər nəzərə alınmaqla hesabat yenidən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə göndəriləcək və yekun tövsiyələr hökumətə təqdim olunacaq.
 





28.07.2013    çap et  çap et