Təşkilatın kampaniyasında elan olunur ki, Ermənistan rəhbərliyi 1994-cü ildən atəşkəs haqqında müqavilə imzalamasına baxmayaraq, müharibə siyasətini davam etdirir. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin atəşkəs rejiminə riayət etməyin zəruriliyi barədə çağırışını xatırladan şəbəkə Ermənistanın bu cür çağırışlara heç bir əhəmiyyət vermədiyini vurğulayıb: «Ermənistan 1994-cü ildən Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf rayonları işğal altında saxlamaqda davam edir. BMT-nin Təhlükəsizlik Şurası erməni qüvvələrinin işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını və azərbaycanlı qaçqınların qaytarılmasını tələb edən dörd qətnamə (822, 853, 874, 884) qəbul edib. Ermənistan tərəfi isə bu qətnamələri yerinə yetirməkdən imtina edir».
ABŞ Azərbaycanlıları Şəbəkəsi (USAN) Ermənistanın təcavüzkarlıq və separatizm xarakteri daşıyan siyasətinə görə beynəlxalq ictimaiyyət tərəfindən ittiham olunmasının zəruriliyini bildirərək Ermənistan hökumətinin anneksiya siyasətini dayandırması üçün təcili tədbirlər görülməli olduğunu vurğulayıb. USAN ABŞ hökumətini Ermənistan hökumətinə təzyiq göstərməyə, onun hərbi işğalını pisləməyə və Ermənistana hərbi maliyyə yardımını kəsməyə çağırılıb.