Vaxt.Az

Ağdamda qızğın döyüşlər


 

Yaralıları güllə yağışının altından təcili-tibbi yardım maşınları çıxara bilib

Ağdamda qızğın döyüşlər Dünən gecə Ağdamın Mirəşelli kəndi istiqamətində atəşkəs rejiminin pozulması nəticəsində Azərbaycan ordusunun əsgərləri yaralanıb. Bu barədə musavat.com-un hazırda cəbhə xəttində olan əməkdaşı xəbər verib.

Onun sözlərinə görə, təcili tibb yardım maşınları yaralıları Mirəşəlli qəbiristanlığının yaxınlından götürərək Sarıcalı kəndində yerləşən hospitala aparıblar.

Saytın əməkdaşı öyrənib ki, yaralılar dünən gecə başlayan atışma zamanı güllə yarası alıblar. Ancaq erməni snayperləri onların vaxtında əməliyyat yerindən götürülməsinə imkan verməyiblər. Bu üzdən yaralıların sağ olub-olmaması, yaralarının ağırlıq dərəcəsi bilinmir. 

Xəbəri axar.az saytının cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı da təsdiqləyib.

Onun verdiyi məlumata görə, Ağdamın Qərvənd və Bayramlar kəndi istiqamətində sübh çağı gedən atışmada Azərbaycan ordusunun iki əsgəri yaralanıb. Atışma davam etdiyinə görə təcili tibbi yardım maşınları yalnız bu gün əraziyə girərək yaralı əsgərlərimizi oradan götürə bilib.  

Hazırda yaralılar Sarıcalı hospitalına aparılır. Xəbərdə deyilir ki, hər iki əsgərimiz Qərvənd qəbiristanlığı önündə vurulub.  

Düşmənin nə qədər itki verdiyi haqda məlumat yoxdur. Bu dəqiqələrdə atışmada qısamüddətli fasilə yaranıb. 

 





06.08.2014    çap et  çap et