Məlumata görə, Kürdəmir sakini, 1993-cü il təvəllüdlü Cəbiyev Nazim Tofiq oğlunun idarə etdiyi «VAZ-21015» markalı minik maşını qarşı tərəfdən gələn Prezident Administrasiyasına məxsus «BMW» markalı xidməti maşınla toqquşub.
Hadisə nəticəsində «BMW» markalı xidməti maşında olan Prezident Administrasiyası regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, PA rəhbərinin müavini, Bakı şəhər sakini, 1957-ci il təvəllüdlü Zeynal Nağdəliyev və «VAZ-21015» markalı avtomobilin sürücüsü, 21 yaşlı Nazim Cəbiyev müxtəlif bədən xəsarətləri alaraq Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Məlumata görə, Z.Nağdəliyev çənə və alın nahiyəsindən müxtəlif xəsarətlər alıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
***
22:23
Prezident Administrasiyasının yüksək rütbəli məmurlarından olan Zeynal Nağdəliyev Kürdəmir ərazisində yol qəzası keçirib.
Bu barədə musavat.com-a hadisə şahidlərindən biri məlumat verib. Onun dediyinə görə, Nağdəliyev Kürdəmir xəstəxanasına aparılıb. Dövlət məmurunun «BMW» markalı maşını «VAZ-21015» markalı «Jiquli» ilə toqquşub. Sayt Z.Nağdəliyevin və onunla toqquşan maşındakıların durumu haqda əlavə məlumat ala bilməyib.
Saytın məlumatına görə, ölkənin rəhbər heyəti bu gün günortadan başlayaraq cəbhə xəttinə yollanmaqdadır. Z.Nağdəliyev də bu məqsədlə Ağdama gedirmiş.
Qeyd edək ki, Zeynal Nağdəliyev Prezidenti Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Prezident Administrasiyası rəhbərinin müavinidir.
Məlumatlara görə, Z.Nağdəliyevin olduğu maşınla toqquşan «VAZ-21015»in sürücüsü, Kürdəmir rayonunun Qarabucaq kənd sakininin durumu isə ağırdır. O, hazırda Kürdəmir xəstəxanasında reanimasiya şöbəsindədir.