Vaxt.Az

«Əla görüş oldu»


 

Ağdamlılar: «Prezident cəbhə bölgəsinə gəldiyi üçün adamların əhval-ruhiyyəsi çox yüksəkdir»

«Əla görüş oldu» Bu barədə «Azadlıq» radiosuna dövlət başçısı İlham Əliyevlə görüşən Quzanlı kənd sakinləri məlumat veriblər. «Çox əla bir görüş oldu, prezident cəbhə bölgəsinə gəldiyi üçün adamların əhval-ruhiyyəsi çox yüksəkdir. Bir az olar prezident bizim kəndi tərk edib başqa kəndlərə getdi» deyə Ağdam sakinləri bildirib.

Rəsmi kütləvi informasiya vasitələri bu görüş barədə hələlik məlumat vermir. Sosial şəbəkələrdə yayılan məlumatlarda isə deyilir ki, prezident cəbhə kəndlərində əsgər və zabitlərlə görüşüb. 

Avqustun 1-ə keçən gecə Azərbaycanla Ermənistan sərhəddi və təmas xətti boyunca hər iki tərəfdən canlı qüvvə itkisi ilə nəticələnən atəşkəs pozuntusu olub. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistanın silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupunun Azərbaycan ordusunun mövqelərinə hücumu nəticəsində 8 əsgər həlak olub. Rəsmi məlumatlarda qarşı tərəfin də çoxsaylı itkilər verdiyi bildirilir.

«Prezident İlham Əliyev Ağdamdadır» - bunu isə Ağdam Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Eldəniz Abdullayev BBC-nin Azərbaycan xidmətinə deyib.

E.Abdullayevin sözlərinə görə, İlham Əliyev Ağdama İmamqulubəyli qəsəbəsində məcburi köçkünlər üçün tikilmiş 632 mənzilli binanın açılışı üçün gəlib.

 

***

 

11:38

Bu dəqiqələrdə cəbhənin təmas xəttində sakitlikdir, gecə ara-sıra atəşkəs rejiminin pozulması halları baş versə də gündüz hələlik atışma qeydə alınmayıb.

Bu məlumatı musavat.com-un hazırda cəbhə xəttində olan əməkdaşı verib. Saytın yazdığına görə, prezident İlham Əliyevi müşayiət edən avtomobil karvanı Ağdamın müvəqqəti inzibati mərkəzi rolunu oynayan Quzanlı qəsəbəsində olub, daha sonra Əfətli kəndinə istiqamət götürüb. Prezident bu kənddə hərbçilərlə görüşüb. Xəbərdə deyilir ki, İ.Əliyevin bir şəhid ailəsi ilə də görüşü gözlənilir.

Milli Ordunun əsgər və zabit heyəti önündə çıxış edən prezident cəbhədə baş verən gərginlikdən danışıb və ordumuzun Qarabağı düşmən işğalından azad etməyə qadir olduğunu, son əməliyyatların bunu bir daha təsdiqlədiyini bildirib. 

Ali Baş Komandanın şiddətli atışmaların getdiyi indiki şəraitdə cəbhə bölgəsində olması Milli Ordunun şəxsi heyəti və sakinlər arasında böyük ruh yüksəkliyi yaradıb. Axar.az xəbər verir ki, hazırda prezidentin Quzanlı görüşündən sonra cəbhə bölgəsindəki digər ərazilərə keçdiyi qeyd olunur. 

 





06.08.2014    çap et  çap et