Vaxt.Az

Səfərbərlik elan ediləcək?


 

Hər iki ekspert buna ehtiyac görmür: «Əsgərlərimiz, texnikamız və hərbi imkanlarımız düşməndən qat-qat güclüdür»

Səfərbərlik elan ediləcək? Azərbaycan avqust ayına 11 şəhid verərək girdi. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, iyulun 31-dən avqustun 1-ə keçən gecə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Hücumun qarşısını alarkən ordumuzun səkkiz əsgəri şəhid olub.

Ermənistan ordusunun atəşkəsi pozması son günlər daha da intensiv hal alıb. Müdafiə Nazirliyi bunu ATƏT-in nazirlərin həmsədrlərlə görüşündən sonra yaydığı bəyanatla əlaqələndirsələr də, ictimaiyyətdə başqa fikirlər dolaşır. Sosial şəbəkələrdə aparılan müzakirələrdə ekspertlər və sadə vətəndaşlar bu halı pisləyərək, düşmənə layiqli cəzanın verilməsinin vaxtının çatdığını bildirirlər. Eyni zamanda, bildirilir ki, düşmən tərəfi artıq əndazəni aşıb və ölkədə səfərbərlik elan edilməlidir.

Azərbaycan tərəfi şəhidlərin qisasını necə almalıdır?

Hafta.az-ın debatı rubrikasında bu suala cavab verən hərbi ekspert Azad İsazadə və həmkarı Üzeyir Cəfərovun fikirlərini təqdim edirik.

Azad İsazadə hesab edir ki, illərdir bu kimi hallar baş verir:

«Buna görə də səfərbərlikdən danışmaq doğru olmaz. Azərbaycanın güclü ordusu var. Heç şübhəsiz ki, bizim əsgərlərimiz, texnikamız və digər bu kimi hərbi imkanlarımız Ermənistan tərəfinin imkanlarından qat-qat güclüdür. Bu baxımdan səfərbərlik elan edilmədən belə ordumuzun hesabına işğal altında olan torpaqlarımızı tam azad edə bilərik. Sadəcə olaraq, məlum beynəlxalq səbəblərə görə Azərbaycan tərəfi hələ ki, münaqişəni sülh yolu ilə həll etməyə cəhd edir. Bu alınmasa, müharibə yolu ilə və indiki ordumuzun gücünə bütün işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad edə bilərik. Qarşı tərəf atəşkəsi pozur və biz cavab atəşi ilə onları susdururuq. Əgər bu proses belə inkişaf edərsə, səfərbərliyə ehtiyac yarana bilər. Ancaq indiki halda buna ehtiyac yoxdur».

Üzeyir Cəfərov isə bildirib ki, şəhidlərimizin qisası alınmalı və düşmənə bundan on qat ağır zərbə vurulmalıdır:

«Təbii ki, bu qədər itki verəndən sonra Azərbaycan tərəfinin cavabı son dərəcə amansız olmalıdır. Əlbəttə ki, vəziyyət hər an dəyişə bilər. Hesab edirəm ki, bu faciə bizim siyasi və hərbi rəhbərliyimiz üçün çox ciddi siqnal olmalıdır. Ermənidən mərhəmət gözləmək lazım deyil. Onlar artıq bütün etibarı və etimadı itirdiklərini sübut ediblər. Bu faciə ilə bağlı yəqin ki, çox ciddi araşdırma aparılacaq və kimliyindən asılı olmayaraq, günahkar olanlar cəzalandırılacaqlar. Səfərbərliyə gəlincə buna əsla ehtiyac yoxdur. Bizim ordumuz ermənilərə dediyim kimi on qat artıq cavab verməlidir. İnanıram ki, yaxın günlərdə bunu edəcəyik. Bu atəşkəs dövründən - 12 may 1994-cü ildən bu yana ən çox itki verdiyimiz bir gündür. Hücum edən tərəf Ermənistan tərəfi olduğu üçün onların itkisi bizdən daha çoxdur. Buna görə də Müdafiə Nazirliyi hadisə ilə bağlı məlum xəbəri yaymalarında hesab edirəm ki, tələsiblər. Hər halda ermənilərdən şəhidlərimizin qisası layiqincə alınmalıdır».

Qeyd edək ki, erməni saytlarının təxribat xarakterli məlumatlarına görə, hücumu Azərbaycan tərəfi edib. Səhər saatlarından etibarən, Ermənistan mətbuatı heç bir fakt olmadan bu kimi xəbərlərin yayımı ilə məşğuldurlar.

 





07.08.2014    çap et  çap et