Vaxt.Az

Qapanlıda düşmən təxribatçısı olub?


 

Naməlum şəxs hərbi hissə komandirlə görüşmək istəyib

Qapanlıda düşmən təxribatçısı olub? Son vaxtlar ermənilərlə sərhəd və təmas xəttində gərginləşmiş və Silahlı Qüvvələrimizin üstünlüyü ilə müşayiət olunan hərbi durum fonunda düşmən qüvvələri Azərbaycana qarşı hər cür vasitələrdən istifadə etməklə zərbə vurmağa çalışırlar.

«Beynəlxalq təşkilat nümayəndəsi», «jurnalist», «könüllü döyüşçü» və s. adı altında xarici kəşfiyyat nümayəndələri cəbhə xəttindəki kəndlərə, hətta hərbi hissələrə soxularaq məlumat toplaya, yaxud sakinlər arasında panika yarada biləcək şayiə yaya, təxribat törədə bilərlər. Yadımdadır ki, atəşkəsin ilk illərində döyüş mövqelərində yerləşən kəndlərin giriş-çıxışlarında hərbi postlar qurulur, gəlib-gedənlərin kimliyi yoxlanılırdı. Ancaq bu gün istənilən cəbhəyanı məntəqəyə asanlıqla girib informasiya toplamaq mümkündür. Hazırda düşmən kəşfiyyatının daha çox diqqət mərkəzində olan hərbi-strateji baxımdan əhəmiyyətli məntəqələrdən biri bu günlərdəki silahlı qarşıdurmalarda ən çox şəhid verdiyimiz, eyni zamanda, erməni birləşmələrini dəfələrlə çox canlı qüvvə və texnika itkisinə məruz qoyduğumuz Tərtər rayonunun Qapanlı kəndidir. Bu günlərdə tanınmış hərbi ekspert Üzeyir Cəfərov ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişikin ciddi canfəşanlıqla məhz həmin kənddə monitorinq keçirmək cəhdlərini onun ermənilərə bu strateji məntəqədəki hərbi qüvvələrimizin və texnikanın sayı, dislokasiyası və s. barədə kəşfiyyat məlumatları ötürməkdə maraqlı olması ehtimalı ilə izah etdi.

Avqustun 6-da Qapanlıda görüşdüyümüz kənd sakini Daşqın Əliyev bu günlərdə kənddə şübhəli bir şəxslə qarşılaşdığını və bu barədə hərbçilərə və polisə xəbər verdiyini söylədi: «...Səhər saat 8 radələrində kəndin hərbi hissəyə yaxın ərazisində saqqallı, çiynində qara çanta olan naməlum bir şəxslə rastlaşdım. 25-30 yaşlarında olan həmin cavan oğlan kəndə gələn avtobusun harada dayandığını soruşdu. Ondan ayrılandan sonra içimdə şübhələr oyandı və tez tanıdığım hərbçilərdən biri ilə əlaqə saxladım. O, belə bir adamın Qapanlıdakı «N» saylı hərbi hissəyə gəldiyini və döyüşmək arzusunda olduğu üçün komandirlə görüşmək istədiyini bildirdiyini söylədi. Lakin sayıqlıqlarını itirməyən hərbçilər onun komandirlə görüşməsinə imkan verməyərək, hərbi hissədən kənarlaşdırıblar. Sonra mən 102 saylı telefona - polisə zəng edərək bu barədə məlumat verdim. Bununla əlaqədar kəndə polis göndərdilər, ancaq artıq gec idi. Həmin şəxsin kimliyi və cəbhə xəttinə hansı məqsədlə gəldiyi dəqiq bəlli olmadı...».

Bu dəqiqələrdə Qapanlı sakini Namiq Hüseynovdan aldığımız məlumata görə, ötən gecə düşmən tərəfdən heç bir atəş açılmayıb. Hazırda kənddə tam sakitlikdir. Onu da qeyd edək ki, Azərbaycan hava qüvvələrinə məxsus təyyarə və helikopterlər Qarabağ səmasında nəzarət uçuşlarını davam etdirirlər. 

 





07.08.2014    çap et  çap et