Vaxt.Az

Prezidentin Ağdamla bağlı yeni qərarı


 

İlham Əliyev bunun üçün 2 milyon ayırdı

Prezidentin Ağdamla bağlı yeni qərarı Prezident İlham Əliyev Ağdam rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sənəddə bildirilir ki, son illərdə Ağdam rayonunun işğal altında olmayan 91 min nəfərə qədər əhalinin məskunlaşdığı 44 yaşayış məntəqəsində müxtəlif Dövlət Proqramları çərçivəsində geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri aparılmışdır. 6600-dən çox ailə üçün 17 yeni qəsəbə salınmış, 18 ümumtəhsil və 3 musiqi məktəbi, 12 tibb və 10 məktəbəqədər təhsil müəssisəsi, 11 klub icma mərkəzi inşa edilmiş, uzunluğu 260 kilometr olan elektrik, 117 kilometr olan içməli su xətləri, yeni yollar çəkilmiş, yaşayış məntəqələri qazlaşdırılmışdır. Rayon mərkəzinin yerləşdiyi Quzanlı qəsəbəsində, Mərkəzi rayon və uşaq xəstəxanaları, doğum evi, Təcili Tibbi Yardım Stansiyası, Olimpiya İdman Kompleksi və digər sosial yönümlü obyektlər tikilib.

Sərəncama əsasən, Quzanlı qəsəbəsində abadlıq-quruculuq işlərinin davam etdirilməsini, habelə «Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə Ağdam Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılır.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

 





07.08.2014    çap et  çap et