Müdafiə Nazirliyi əhalidə təşviş yaradan məlumatların yayılması məsələsi ilə bağlı açıqlama verib.
«Müdafiə Nazirliyinin dəfələrlə ictimai təşkilatlara, media qurumlarına və sosial şəbəkə istifadəçilərinə müraciəti olub ki, rəsmi mənbələrdən başqa, təsdiq olunmamış xəbərləri yaymasınlar».
Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı Milli.Az-a bildirib.
«Ən azı, 4 dəfə rəsmi məlumat olub. Bundan başqa, bizimlə əlaqə saxlayan hər bir jurnalistə bu barədə bildirmişik», - o əlavə edib.
«Hər yazan jurnalist olmur», - deyən nazirlik rəsmisi əlavə edib ki, cəmiyyətdə narahatlıq yaradanlar təsdiq olunmamış məlumatları yazanlardır.
«Hər bir vətəndaş, həm bu cür məlumatları yazan, həm də onu götürüb sosial şəbəkələrdə tirajlayanlar gərək bunu əvvəlcədən düşünsünlər. Dövlət strukturlarından nəsə tələb etməzdən əvvəl özü o haqda vətəndaş olaraq fikirləşməlidir. Hüquqi müstəvidən əvvəl hər bir vətəndaş özü bu barədə düşünməlidir», - V.Dərgahlı vurğulayıb.