Böyük məşqçi Şaban Donat, məşqçilər Akif Əliyev, Zöhrab Abbasov və Turac Hüseynlinin rəhbərliyi altında ölkəmizi İbrahim Nurullayev (50 kq), Murad Məmmədov (55 kq), Elman Muxtarov (60 kq), Ruhin Mikayılov (66 kq), Sənan Əlimirzəyev (74 kq), İslam Abbasov (84 kq), Orxan Nuriyev (96 kq) və Əli Həsənov (120 kq) təmsil etdi. Güləşçilərimiz ümumilikdə 5 qızıl və 1 gümüş medal qazanmaqla Azərbaycan güləş tarixində yeni səhifə yazdılar. 8 çəki dərəcəsindən 6-da finala yüksələn təmsilçilərimiz komandanın gələcəyinin etibarlı əllərdə olduğunu sübut etdilər. Yekunda 59 xal toplayan yığmamız komanda hesabında da Dünya çempionatını ilk sırada tamamladı. İkinci yerdə Gürcüstan, üçüncü sırada Türkiyə yığması qərarlaşdı.
Məlumat üçün bildirək ki, 2012-ci ildə Taylandda keçirilən Dünya çempionatında da gənc yunan-Roma güləşçilərimiz komanda hesabında birinci olmuşdu. Ancaq həmin vaxt güləşçilərimiz 3 qızıl və 1 bürünc medalla Vətənə qayıtmışdılar.