Hazırkı durumda əsirlərin dəyişdirilməsi reallaşa bilərmi?
Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı, ekspert İlham İsmayıl Hafta.az-a açıqlamasında məsələni şərh edib.
İ.İsmayıl bildirib ki, öncə sərhədi keçən adamların diversant olduğu, sərhədi kəşfiyyat məqsədi ilə keçdiyi sübut olunmalıdır: «Çünki bəzən təsadüfən keçənlər, yolu azanlar da olur. Diversant olduğu sübut olunduqdan sonra növbəti addımlar atılmalıdır. Azərbaycan bu gün diversant qrupu məhv edib bir nəfəri əsir götürübsə, təbii ki, bu bizim xeyrimizədir. İndiki vəziyyətdə biz Ermənistanın təxribatına iki qat cavab veririk, bu da bizim üstünlüyümüzdür».
Ekspert qeyd edib ki, əsirlərin dəyişdirilməsi Rusiya prezidenti Putinin təşəbbüsü ilə keçirilən Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə razılaşdırıla bilər: «Bizim Kəlbəcərdə tutulan Dilqəm və Şahbazdan başqa da orada əsir götürülən adamlarımız var. Bizdə də onlardan əsir var. Bundan öncə də əsirlərin dəyişdirilməsi baş verib. Bugünkü Soçi görüşündə girov götürülən adamların dəyişdirilməsinin gündəmə gəlməsi və razılaşdırılması mümkündür».