Vaxt.Az

«Çox riyakar addımdır»


 

«Separatizmdən əziyyət çəkən bir ölkə, bizi barışığa, dözümlülüyə çağırır»

«Çox riyakar addımdır» Bu fikri politoloq Qabil Hüseynli prezidentin cəbhədə çıxışını şərh edərkən deyib. O bildirib ki, prezident İlham Əliyevin hərbi formada əsgərlərimizlə görüşməsi, bütün şəxsi heyətdə böyük ruh yüksəkliyi yaradıb: «Öncədən qeyd edim ki, prezidentin indiki məqamda cəbhəyə səfər etməsi olduqca vacib idi. Çünki bir neçə gündür Ermənistan tərəfindən intensiv olaraq atəşkəs ciddi şəkildə pozulur. Eyni zamanda düşmən, əsgərlərimiz tərəfindən layiqli cavabını alaraq susdurulub. Bu prezidentin də diqqətindən kənarda qalmadı. Cənab İlham Əliyev əsgərlərimizi göstərdikləri igidliklərə görə mükafatlandırdı. Hesab edirəm ki, səfər əsnasında keçirilən qapalı görüşdə ordumuzun gələcək planları, müdafiəmiz daha ciddi şəkildə müzakirə edilərək müvafiq qərarlar qəbul edilib».

Ekspert bildirib ki, prezidentin səfəri həm də yerli əhali ilə ordunun əlaqələrinin gücləndirilməsinə səbəb olacaq: «Bu da bir başa əsgərlərimizin mövcud ruh yüksəkliyinin daha da artmasına səbəb olacaq. Ali baş komandanın və Müdafiə Nazirliyinin yüksək rütbəli şəxslərinin ordu ilə birbaşa maraqlanması, birinci dərəcəli döyüş hazırlığına keçməyimiz olduqca böyük prinsipial əhəmiyyətə malikdir. Ümumiyyətlə, baş verənlər onu göstərdi ki, cəbhədə vəziyyət tamamilə Azərbaycan Ordusunun nəzarəti altındadır».

Şərhində Soçi görüşünə toxunan politoloq bildirib ki, görüşə Azərbaycan ermənilərin ruhunu sındırmış bir şəkildə gedir: «Bu səfər Soçi görüşü ərəfəsində həm də beynəlxalq aləmə mesaj oldu. Cəbhə ilə bağlı hadisələrdə beynəlxalq aləm olduqca ikili standartlı davrandı. Yəni burada onlar təcavüzkarla təcavüz olunanı eyni tutdular. Onların verdikləri bəyanatlar isə beynəlxalq qaydalardan tamamilə uzaq, təcavüzkarı qınamamaq xəttini tutdu. Qonşu Gürcüstanın rəhbərliyinin də verdiyi də bəyanat olduqca təəssüfverici idi. Separatizmdən əziyyət çəkən bir ölkə, bizi barışığa, dözümlülüyə çağırdı. Bu da bizə qarşı çox bərbad və riyakar bir addım idi».

Qeyd edək ki, ölkə başçısı dünən cəbhə bölgəsinə səfər edərək, əsgərlərimizlə görüşüb. (hafta.az)

 





08.08.2014    çap et  çap et