Vaxt.Az

«Rusiyaya baha başa gələcək»


 

Qabil Hüseynli: «Kremlin yol verdiyi ciddi qüsurlar onun sonunu yaxınlaşdırır»

«Rusiyaya baha başa gələcək» Məlum Ukrayna hadisələrindən sonra Qərb və Avropa dövlətləri Rusiyaya qarşı sanksiyalara start verib. Artıq sanksiyaların 3-cü mərhələsi işə düşdü. Rusiya bütün bunlardan yayınmaq üçün müəyyən addımlar atdı, nəhayət, konkret mövqe sərgiləyərək, Avropa ölkələrindən yeyinti məhsullarının idxalını dayandırmaqla bağlı qərar verdi. Avropa ölkələri artıq bu məsələ ilə bağlı Ümumdünya Ticarət Təşkilatının qarşısında məsələ qaldırmaq barədə düşünür.

Politoloq Qabil Hüseynli baş verən prosesləri Aktual.az-a şərh edərkən bildirib ki, Rusiya dünyanın aparıcı dövlətlərinə qarşı çevrilə bilməyəcək:

«Rusiya, tamamilə, təklənib. Yol verdiyi ciddi qüsurlar dünya ictimai rəyində ona qarşı barışmaz mənfi reaksiya doğurub. Artıq Rusiyaya qarşı sanksiyaların 3-cü pilləsi işə düşüb. Rusiya öz elektoral bazasını əldə saxlamaq üçün, guya, əks sanksiyalar tətbiq edirmiş kimi, bir imitasiyaya əl atıb. Artıq Amerikadan, Avropa ölkələrindən yeyinti məhsullarının idxalını dayandırıb. Elə məhsulların ki, Rusiya o məhsulların idxalına böyük ehtiyac duyur. Bu o deməkdir ki, rus kəndlisi də, fəhləsi də Qərbdən idxal edilən delikoteslərdən, gündəlik yeyinti məhsullarından məhrum ediləcək. Onun süfrəsində, getdikcə, bütün bunlar çatmayacaq. ««Avitaminoz» deyilən və iqlim şəraiti ilə sırf bağlı olan bir vəziyyət bu dəfə Rusiyada kütləvi hal alacaq. Rusiyanın kənd təsərrüfatı məhsullarına embarqo qoyması bumeranq effekti verəcək. Bunu rus politoloqları bu gündən yazmağa başlayıblar ki, bu onların özlərinə qarşı işləyən bir addımdır».

Politoloqun sözlərinə görə, dünyanın aparıcı şirkətlərinin orada işləməkdən imtina etməsi Rusiyaya baha başa gələcək:

«Dünyanın aparıcı şirkətlərinin bir çoxu artıq Rusiya ilə işləməkdən imtina edib. Rusiya mərhələli şəkildə dünyadan təcrid edilir. Artıq rus təyyarələrinin Avropa ölkələrinə uçuşu qadağan edilib. Rusiyanın əsas gəlir mənbəyi olan silah bazarında onun manevr imkanları aşağı səviyyəyə enib. Bütün bunlar Rusiyaya ölçüyəgəlməz dərəcədə dəyişikliklər hesabına başa gələcək. Rusiyada hələ sanksiyaların tətbiqinin birinci mərhələsindən sonra iqtisadi inkişaf dayanmışdı və reqressiya əlamətləri, yəni, geriyə doğru inkişaf meylləri təzahür etməkdə idi. Maliyyə naziri «SOS» siqnalı verirdi. Çünki inflyasiya sürətlə cərəyan etməyə başlamışdı. Rus rublunun digər valyutalara nisbətdə məzənnəsi sürətlə rublun xeyrinə olmayan istiqamətə doğru idi».

Hər gün Rusiyaya xəbərdarlıq edildiyini deyən Q.Hüseynli vurğulayıb ki, Rusiyanın çökməsi ilə bağlı işlər gedir: «Sanksiyaların tətbiqinin 3-cü mərhələsi başlayıb. Rusiyaya hər gün xəbərdarlıq edilir. Rusiyanın çökməsi üzərində işlər gedir. Bununla bağlı Amerika 30 milyard dollar ayırıb. Səudiyyə Ərəbistanı kimi iri dövlət Rusiyada mərkəzdənqaçma meyllərini sürətləndirmək üçün vəsait ayırmağa başlayıb. Çeçen mücahidləri yenidən təşkilatlanır. Son bir neçə gündə bir neçə əməliyyat keçiriblər. Bu əməliyyatlarda Rusiyanın Mərkəzi Təhlükəsizlik İdarəsinin bölgə üzrə nüfuzlu nümayəndəsi öldürülüb. Artıq çeçen milli müqavimət hərəkatının yeni dalğası başlayıb. Hətta rusların özləri mərkəzi hökumətə qarşı üsyana başlayıblar. Rusiya bütün bunlardan yayına biləcəkmi? Bunu zaman və hadisələrin gedişatı göstərəcək».

 





08.08.2014    çap et  çap et