Eyni sualla hərbi ekspert Üzeyir Cəfərova müraciət etdik. Hafta.az-a açıqlamasında sualı cavablandıran ekspert cəmiyyətdə yaranan narahatlıqların təbii olduğunu bildirib:
«Cəbhə bölgəsində son vaxtlar baş verən hadisələr hələ də cəmiyyətdə geniş müzakirə olunur. Bu da təbiidir. İnsanlarımız çox narahatdırlar və onlar məlumat boşluğunda xeyli suallar ünvanlayırlar. Axı biz niyə düşmənə arsenalımızda olan silahlardan istifadə etmirik?
Xatırladım ki, şəxsi qənaətimə görə, cəbhə bölgəsində hər hansı aktiv döyüş əməliyyatları, toqquşmalar baş verməyib ki, buna uyğun da ağır texnikadan, silah-sursatdan istifadə edilsin. Hesab edirəm ki, cəbhədə nə qədər kritik situasiya olsa, biz hər şeyi 100 dəfə ölçüb, sonra isə qərar verməliyik».
Üzeyir Cəfərov bildirib ki, Azərbaycan Ordusunun hərbi imkanları düşmənin istənilən ucqar nöqtəsini məhv etməyə qadirdi:
«Bu gün bizim qoşunların təmas xəttinə yaxın ərazilərimizdə milyona yaxın vətəndaşlarımız yaşayırlar. Həm mülki şəxslər, həm də hərbi qulluqçular. On görə də hər atdığımız addımları götür-qoy edəndən sonra hansısa qərarı verə bilərik.
Azərbaycan Silahlı Qüvvələrinin imkanı var ki, hətta Ermənistanın ən ucqar nöqtələrində belə strateji əhəmiyyət kəsb edən obyektləri, məntəqələri neytrallaşdırsın. Amma biz hələlik bunu etmirik. Ermənistan siyasi və hərbi rəhbərliyindən fərqli olaraq İrəvana hər hansı hədə-qorxu gəlmirik».
Qeyd edək ki, artıq bir həftədir Ermənistan tərəfi atəşkəsin tələblərini kobud şəkildə pozaraq, üzbəüz mövqelərimizi müxtəlif çaplı silahlardan atəşə tutur.