Xəsarətlə birbaşa səbəbli əlaqəsi olan, müddətindən asılı olmayaraq hamiləliyin pozulması da həyat üçün təhlükəli olmayan, lakin nəticələrinə görə ağır hesab edilən xəsarət sayılacaq. Həyat üçün təhlükəli olmayan, lakin nəticələrinə görə ağır hesab edilən xəsarət növləri sırasında görmənin itirilməsi, yəni hər iki gözdə tam daimi (dayanıqlı ) korluq və yaxud 2 metr və ondan az məsafədə barmaqların sayıla bilməməsinə qədər görmənin itməsi vəziyyəti (görmə itiliyi 0,04 və daha az), bir gözdə görmənin tam itməsi yer alıb. Ancaq kor gözün çıxarılmasına səbəb olan zədələnmə sağlamlığın pozulma müddətinə görə qiymətləndirilməlidir. Görmə qabiliyyəti, əvvəldən zəifləmiş (1,0-dan aşağı) gözlərdə görmənin itirilməsi barədə Səhiyyə Nazirliyi tərəfindən qəbul olunmuş faiz cədvəlinə görə təyin edilir. Bu növ xəsarətlər siyahısında eşitmənin itməsi, yəni tam karlıq və yaxud zərərçəkənin danışıq nitqini hər iki qulaq seyvanından 3-5 sm məsafədə eşitməməsi kimi bərpa olunmayan vəziyyət, bədənin hər hansı bir üzvünün və yaxud onun funksiyasının itirilməsi, dilin (nitqin) itirilməsi, yəni öz fikrini ətrafdakılara başa düşülən, aydın səslərlə çatdırmağı bacarmamaq, qol və ya qıçın itirilməsi-onların gövdədən ayrılması və ya dirsək, diz oynaqları səviyyəsindən aşağı olmamaqla amputasiyaları və yaxud funksiyasının itirilməsi (iflic və ya onların fəaliyyətini tam pozan digər vəziyyət), psixi pozuntuya və ya ruhi xəstəliyə səbəb olma, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla, daimi (dayanıqlı) itirilməsi, peşəkar əmək qabiliyyətinin tam itirilməsi, narkomaniya və ya toksikomaniyaya səbəb olma, sifətdə bərpa olunmayan xəsarətlər də yer alıb. Sifətdə bərpa olunmayan xəsarətlər dedikdə sifətdə, eləcə də qulaq seyvanında vaxt keçdikcə bərpa olunmayan və onların aradan qaldırılması üçün cərrahi müdaxilə (plastik və rekonstruktiv əməliyyatlar) tələb olunan patoloji dəyişikliklər (çapıqlar, burnun və qulağın hissəvi, eləcə də tam amputasiyaları, deformasiya, mimika və çeynəmə pozuntuları, kəskin nəzərəçarpan asimmetriya və s.) nəzərdə tutulur. Vaxt keçdikcə öz gedişi boyu, eləcə də qeyri-cərrahi vasitələrlə əhəmiyyətli dərəcədə bərpa olunan, çəkilib gedən xəsarətlər isə sifətin bərpa olunmayan xəsarətləri hesab edilmir və xəsarət növlərinin digər dərəcələrindən birinə aid edilir.
Qeyd olunub ki, sığorta şirkətləri icbari sığorta ödənişlərini xəsarət növlərinə müvafiq olaraq ödəməlidirlər və Nazirlər Kabinetinin qərarı bu sahədəki boşluğu aradan qaldıracaq.