Vaxt.Az

«Sizə geniş məlumat verəcəyəm»


 

Sərkisyan Putinə Azərbaycandan şikayət etdi

«Sizə geniş məlumat verəcəyəm» Avqustun 9-da Soçidə Rusiya və Ermənistan prezidentlərinin görüşü olub. «İnterfax» agentliyinin məlumatına görə, Ermənistan prezidenti Serj Sərkisyan Vladimir Putinə deyib ki, Azərbaycan-Ermənistan münaqişəsini Azərbaycan bilərəkdən qızışdırır.

Sərkisyan Putinə deyib: «Mən bizim regiondakı vəziyyət və Azərbaycan-Ermənistan sərhədində vəziyyəti Azərbaycanın qızışdırmasının səbəbləri haqda sizə geniş məlumat verəcəyəm».

(Qeyd edək ki, son günlər Dağlıq Qarabağda və Azərbaycan-Ermənistan sərhədində döyüşlərin qızışmasında Azərbaycan və Ermənistan bir-birlərini ittiham edir–red.).

Avqustun 10-da Soçidə Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşü gözlənilir. Putinin mətbuat katibi Dmitri Peskov avqustun 9-da jurnalistlərə belə deyib: »Biz prezidentlərin üçtərəfli görüşünün sabah - avqustun 10-da gündüz keçiriləcəyini istisna etmirik».

D.Peskov Qarabağdakı vəziyyət haqda isə bunları deyib: «Vəziyyət doğrudan da gərgindir, qeyri-sabitdir. Ona görə də danışıqlara cəhdlər olunur».

Ancaq Peskovun sözlərinə görə, hər üç prezident avqustun 9-da axşam da qeyri-formal şəraitdə də görüşə bilərlər. Belə ki, Əliyev, Sərkisyan və Putin beynəlxalq sambo yarışlarına baxmağa gedəcəklər.

«Platforma S-70» adlı döyüş sambosu yarışlarına Putinin gəlişi artıq ənənəyə çevrilib. Peskov deyib ki, Azərbaycan və Ermənistan prezidentlərinin də ona qoşulacağı gözlənilir.

Qeyd edək ki, avqustun 9-da Soçidə Putin Sərkisyanla görüşdən əvvəl Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək görüşüb. («Azadlıq» radiosu)

 





09.08.2014    çap et  çap et