Vaxt.Az

Prezidentlər görüşdü


 

Vladimir Putin: «Dağlıq Qarabağ problemini həll edə bilərik»

Prezidentlər görüşdü Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Soçidə Dağlıq Qarabağ problemini müzakirə edirlər. ANS PRESS-in məlumatına görə, görüş «Boçarov Ruçey» iqamətgahında keçirilir. Liderlərin görüşü Dağlıq Qarabağ ətrafında gedən döyüşlərdən sonra görüşün baş tutması zərurəti yaranıb.

Qeyd edək ki, bir gün əvvəl Rusiya Federasiyasının prezidenti Vladimir Putin hər iki ölkənin prezidenti ilə ayrı-ayrılıqda görüşlər keçirib. Ötən axşam isə prezidentlər sambo üzrə beynəlxalq turniri izləyiblər. Şənbə günü keçirilən görüşlərdə İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin uzandığını və onun tezliklə həll edilməsini diqqətə çatdırıb. Serj Sərkisyan isə Azərbaycan tərəfini bölgədəki situasiyaya görə ittiham edib.

Bu gün isə Rusiya prezidenti Putin deyib ki, Azərbaycan prezidenti bu problemin sülh yolu ilə həll edilməsini söyləyir: «Bilirik ki, təmas xəttində son həftə ərzində baş verən gərginlik səbəbi ilə hər iki tərəfdən ölənlər olub. Əgər ürəkdən istək olsa, dondurulmuş bu problemi də yerindən tərpədib həll etmək olar. Bunun üçün istər Azərbaycan, istərsə də Ermənistan xalqının istəyi olmalıdır», - deyə V.Putin bildirib.

Rusiya Prezidenti Dağlı Qarabağ münaqişəsinin SSRİ-dən miras qaldığını xatırladaraq əlavə edib ki, biz hazırda qarşılıqlı etimad göstərərək bu problemi həll edə bilərik.

 

«Erməni qoşunu çıxmalıdır»

 

«Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmalıdır». Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Soçidə 3 ölkənin (Rusiya, Azərbaycan və Ermənistan) prezidentləri ilə görüşündə deyib:

«Bu münaqişə çox uzandı, inanıram ki, Vladimir Putinin iştirakı ilə danışıqlar prosesinə yeni təkan veriləcək. Rusiya prezidentinin dediyi kimi, münaqişənin həll edilməsi üçün hüquqi bazaya əsaslanan format mövcuddur. BMT Təhlükəsizlik Şurası bu münaqişənin həll edilməsi üçün 4 qətnamə qəbul edib. Orda dəqiq yazılıb ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal etdiyi torpaqlarından çıxarılmalıdır. Təəssüflər ki, olsun ki, artıq 20 il keçib, bu qətnamələr kağız üzərində qalıb. Hesab edirəm ki, Rusiya yaxın dost, tərəfdaş və qonşu kimi münaqişənin həll edilməsində mühüm rol oynaya bilər. Əminəm ki, yaxın zamanlarda Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll ediləcək. Biz danışıqların müsbət nəticəyə gəlinməsi üçün beynəlxalq hüquq normalarına əsaslanmalıyıq», - deyə İlham Əliyev bildirib.

 

«Bir-birimizi ittiham etsək, bu münaqişə öz həllini tapmayacaq»

 

«Mən hesab edirəm ki, münaqişə həll edilməlidir. Münaqişənin isə ATƏT-in irəli sürdüyü prinsiplər əsasında həlli mümkündür». Serj Sərkisyan Soçidə prezidentlərin üçtərəfli görüşündə deyib. Serj Sərkisyan daha sonra Azərbaycanı ittiham edib: «Azərbaycan tərəfi həmişə BMT Təhlükəsizlik Şurasının qətnamələrindən söz açır. Azərbaycanın özü o qətnamələrin hansı maddələrini həyata keçirib? Ermənistan isə o qətnaməyə uyğun olaraq döyüş əməliyyatlarını dayandırıb. Biz əgər 1990-cı illərə qayıtsaq, deyə bilərik ki, o vaxtlar kiməsə yaxşı olub, kiməsə pis, bunları deməyin yeri yoxdur. Əgər yenidən bir-birimizi ittiham etsək, bu münaqişə öz həllini tapmayacaq».

Ermənistan prezidenti sonda görüşün təşkil edilməsi üçün Rusiya prezidenti Vladimir Putinə minnətdarlığını bildirib.

 





10.08.2014    çap et  çap et