Lakin daha sonra onlar sözlərini geri götürərək, atəşkəsin qarşılıqlı olmasının vacibliyini vurğulayıblar.
Hökumət qüvvələri isə Donetsk və Luqanskda separatçılara qarşı hücumları davam etdirir. Donesk və Liqansk şəhərlərinin sakinləri qızğın döyüşlər getdiyini bildirirlər.
Rusiya Ukrayna ilə sərhəd bölgələrə əlavə qüvvələr yerləşdirib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynanın şərq bölgələrinə yardımların gecikdirilməməli olduğunu deyərək, məsələnin prezident Putinin nəzarəti altında olduğunu bildirib.
ABŞ-ın BMT-dəki səfiri Samantha Power Təhlükəsizlik Şurasının yığıncağında deyib ki, Rusiyanın müharibə şəraitində olan Şərqi Ukrayna üçün təklif etdiyi humanitar dəhlizi yalnız beynəlxalq yardım təşkilatları reallaşdıra bilər.
Səfir deyib ki, Rusiyanın Ukraynaya hansısa humanitar missiya pərdəsi altında birtərəfli müdaxiləsi «tamamilə qəbuledilməz və həyəcan doğurandır».