Məsələn, ayda 600 manata yaxın qazancı olan bir müştəriyə göndərilmiş və ANS PRESS əməkdaşının şahidi olduğu bir mesajda deyilir: «Sizə 5300 dollar kredit təklifi var. Ailə üzvlərinizlə gəlsəniz, sizə 20 min manata qədər endirimli kredit verə bilərik». Etiraf etmək gərəkdir ki, yetərincə əlverişli təklifdir. Bir az yaxşı axtarılsa, bu pula Bakı ətrafında belə mənzil almaq olar, əyalətlərdə isə yəqin ki, problem olmaz. Əgər kredit üçillik müddətə verilərsə, aylıq ödəniş 700-800 manatı keçməz. Təbii bu cür qaytarmağa Azərbaycanda çox ailələrin gücü çatar. Xüsusilə də, ayda 300-400 manat kirayə pulu verən ailələr bu cür kreditə gedərək, ev problemlərini bir dəfəlik həll etmək istəyərlər.
İstənilən halda, bankların bu cür kredit təklifi artımını müşahidə edən zaman ağla ilk gələn Azərbaycan Mərkəzi Bankının (AMB) iyunun 30-da uçot dərəcəsini kəskin azaldaraq 4,25 faizdən 3,5 faizə endirməsi olur. Daha öncə, mayın 1-də isə uçot dərəcəsi 4,75 faizdən 4,25 faizə salınmışdı. Yəni ilk baxışdan elə gəlir ki, kommersiya banklarına verilən mərkəzləşdirilmiş kreditlər üzrə dərəcəni aşağı salan AMB ölkədə kreditləşdirmənin genişləndirilməsinin vacibliyini vurğulayıb. Banklar da ölkənin mərkəzi bankının tövsiyələrinə uyaraq müştərilərə təklifləri artırıblar. Bu məsələdə ağla gələn ikinci ehtimal ölkə kommersiya banklarının verdikləri kreditlər üzrə dərəcələrin də xeyli aşağı düşməsi ilə bağlıdır. Yəni çoxları kredit faizlərinin aşağı düşəcəyini də güman edir.
İqtisadçı ekspert Samir Əliyev AMB-nin bu addımının çoxdan gözlənilən olduğunu vurğulayır: «İnflyasiya göstəricisinin 2 faiz olduğu bir ölkədə uçot dərəcəsini 4,25 faiz ətrafında saxlamağa heç bir ehtiyac yox idi. Düşünürəm ki, Mərkəzi Bankın uçot dərəcəsini 3 faizə qədər endirmək imkanı var». Lakin bununla bərabər Samir Əliyev uçot dərəcəsinin bazara, xüsusilə də kredit faizlərinə elə də ciddi təsir edəcəyinə inanmır. «Təsir çox cüzi ola bilər. Qlobal böhran ərəfəsində bizdə uçot dərəcəsi təxminən 15 faiz idi. Mərkəzi Bank bunu 2 faizə qədər, yəni təxminən 7,5 dəfə saldı. Amma bunun kreditlər üzrə faiz dərəcələrinə heç bir təsiri olmadı»,- deyə iqtisadçı ekspert vurğulayır.
Həmin vaxtlar ümumi kredit portfelində mərkəzləşdirilmiş kreditlərin payı cəmi 2-3 faiz olub, ona görə də AMB-nin uçot dərəcəsinin aşağı salınması ilə bağlı qərarının kredit bazarına elə də təsir olmayıb. «Hazırda bu göstərici bir qədər artıb və 20 faizə çatıb. Yəni bu, artıq bazara təsir edə biləcək səviyyədir. Amma məsələ bundadır ki, bankların heç də hamısı AMB-nin kreditlərini ala bilmir. Bu kreditlər sadəcə bir qrup banka verilir. AMB mərkəzləşdirilmiş kreditləri verərkən müəyyən sağlamlaşdırılma ilə bağlı müəyyən tələblər qoyur ki, bankların bir çoxu bu tələbləri yerinə yetirə bilmir. Ona görə də mərkəzləşdirilmiş kreditlərə maraq göstərmir. Həmin kreditləri alan az saylı banklar isə bazara təsir edə bilmirlər»,- deyə Samir Əliyev bildirir.
Onun fikrincə, əslində, bazara təsir edən AMB-nin digər paralel qərarıdır. «Mərkəzi Bank əmanətlər üzrə məcburi ehtiyat fondunu da 3 faizdən 2 faizə endirib. Bu da bankların əlində olan sərbəst vəsaitlərin artmasına, onların kredit təklif etmə imkanının yüksəlməsinə şərait yaradır. Hazırda bankların əlində olan sərbəst vəsaitlər 420 milyon manat ətrafındadır. AMB-nin ehtiyat normasının aşağı salınması ilə bağlı verdiyi qərar bu göstəricinin təxminən 30 faiz artmasına imkan yaradır», - deyə Samir Əliyev bildirir.
Yəni bankların kredit qabiliyyətli müştərilərə üz tutmasının səbəbi aydın olur. AMB bir tərəfdən kredit verilməsi üçün şərtləri ağırlaşdırır və iş yerindən arayışı olmayanlara kredit verilməsini dayandırır. Digər tərəfdən, əmanətlər üzrə ehtiyat faizini azalmaqla banklardakı sərbəst vəsaitləri artırır. Təbii ki, banklar istehlak krediti üzrə kredit qabiliyyətli müştərilərə təkrar-təkrar müraciət etməklə həmin vəsaitləri yenidən istehlak kreditlərinə yerləşdirməyə çalışırlar.
Bu isə ölkə üzrə kredit dərəcələrinin real kredit dərəcələrinin orta hesabla illik 24-25 faiz ətrafında qalmasına səbəb olur. Yəni AMB-nin kredit dərəcələrini aşağı salmaq üzrə göstərdiyi cəhdlər nəticə vermir. Samir Əliyevin dediyinə görə, hazırda Azərbaycanda kredit faizlərinə əsas iki amil təsir edir. Birincisi, bankların cəlb etdiyi əmanətlərin faiz dərəcəsi yüksəldikcə, bankların kredit dərəcəsi də yüksəlir. Bankların əmanət cəlbi uğrunda apardıqları mübarizə təbii ki, bu faizlərin yüksək qalmasına səbəb olur. İkinci amil isə real sektorda risklərin həddindən yüksək olması ilə bağlıdır. Bu zaman banklar məcburi olaraq istehlak kreditlərinə üz tuturlar. Çünki istehlak kreditlərində risk səviyyəsi aşağıdır.
«Real sektorda risklər aşağı olarsa, ölkə üzrə kredit dərəcələri də aşağı düşər. Banklar real sektora kredit verməyə daha çox meyl edərlər. Bu isə məhkəmə sistemindən, vergi və gömrük xidmətlərindən tutmuş qeyri-rəsmi ödənişlərə qədər çox amili nəzərdə tutur», - deyə iqtisadçı ekspert vurğulayır.