Vaxt.Az

«Elə bil divara söz deyirsən»


 

Nadir Bədəlov telekanallardan narazılıq etdi

«Elə bil divara söz deyirsən» «Bildiyiniz kimi, əvvəl ANS TV-də işləyirdim. Sonra «Dahilərin divanı», «Yüzüncü baxış» verilişləri tamamlandı və mən getməli oldum. İndi müxtəlif televiziyalarla, əsasən Kanal S, «Region TV» ilə əməkdaşlıq edirəm. Bir neçə sənədli film çəkmişəm. Hazırda da o filmlərin çəkilişinə davam edirəm».

Bunu Modern.az-a açıqlamasında tanınmış telejurnalist Nadir Bədəlov deyib. O, televiziyaların hazırkı durumundan gileylənib:

«Yaz aylarında bir neçə televiziyaya maraqlı layihələr vermişəm. Artıq avqustdur, amma nədənsə hələ ki, o layihələrə cavab gəlməyib. Təqdim etdiyim layihələrdə bugünki televiziyanın orta səviyyəli tamaşaçısının zövqünü də nəzərə almışdım. Çünki reytinq məsələsi də var idi, yəni onu da nəzərə almışdım. Eyni zamanda mən istəyərdim ki, layihə reytinqlə bərabər, həm də intellektual aclığı olan tamaşaçıya da nəyisə versin. Bu gün tam orijinal layihə yazmaq mümkün deyil. Amma dünya televiziyasının praktikasında artıq bu janrda olan layihələr var. Onlar müəyyən qədər reytinq yığa bilən layihələrdir. Təəssüflər olsun ki, elə bil divara söz deyirsən, divardan cavab gəlir, amma televiziyalardan gəlmir. Görünür, televiziyaların başı saçyoldu və yaxud da əyləncəli verilişlərlə daha çox qarışıb. Mən elədiyimi etmişəm, ömrüm boyu bu televiziyada can qoymuşam. Televiziyanın bugünki verilişləri çox aşağı səviyyədədir. Sabahları cəmiyyətə müəyyən fikir, məzmun lazım olacaq. Onda bu qıtlığı heç nə doldurmayacaq. Yəni bugünki televiziyanın səviyyəsi elə bil ki, sabahkı çatışmazlığın məsuliyyətini daşıyır. Danışanda deyirlər ki, reytinqə görə etmədik, bu reytinq gətirəcək, gətirməyəcək. Amma görünür, televiziyanın proqramlarını quranlar layihənin həm reytinq, həm müəyyən qədər məzmun gətirməyi barədə düşünməyə tənbəllik edirlər».

 





11.08.2014    çap et  çap et