Vaxt.Az
“Bəyəm Rüstəm İbrahimbəyov Elçibəydir?”
Sərdar Cəlaloğlu: “İctimai rəylə oynamaq olmaz”
“Rüstəm İbrahimbəyov faktoru təhdidə əsaslanır”. Bunu Modern.az-a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu deyib. O, Milli Şuranın Tiflis görüşlərinə münasibət bildirərkən bildirib ki, normal seçki şəraiti yaradılsa belə, Rüstəm İbrahimbəyovun qalib gəlmək şansları yoxdur.
“90-cı illərdə heç bir xarici qüvvənin təsiri olmadığı şəraitdə Əbülfəz Elçibəy 58% səs topladı. Çünki o böyük bir xalq hərəkatına rəhbərlik etmişdi. Rüstəm İbrahimbəyov isə heç bir siyasi prosesdə iştirak etməyib”, – deyən ADP sədri hesab edir ki, Milli Şuranın vahid namizədinin potensialı yoxdur. O, qeyd edib ki, Rusiyanın, İranın, Türkiyənin və ABŞ-ın təsirləri ilə müşayiət olunan mürəkkəb münasibətlər sistemində R. İbrahimbəyov Əbülfəz Elçibəydən böyük nailiyyət əldə edə bilməyəcək.
“Rüstəm İbrahimbəyov qanuni demokratik seçkilərdə iştirak etsə də, heç bir uğur qazanmayacaq”.
ADP sədrinin fikrincə, Milli Şura layihəsinin müəllifi kimdirsə və ssenarini necə yazıbsa, bu qurumda proseslər də ona uyğun davam edəcək.
“Doğrudan da sən qələbənə inanırsansa, Azərbaycana niyə gəlmirsən? Seçicilər sənə deməlidir ki, gəl?! Sən gəlməsən, axı onlar sənə səs verə bilməyəcək! Deyir ki, 15 nəfər razılıq versə, gələcəyəm. Yaxşı deyək ki, Milli Şuranın bu 15 üzvü dedi ki, gəlmə, onda nə olacaq? Sən məgər bu 15 şəxsdən səs alacaqsan?!”. S.Cəlaloğlu əlavə edib: “O qədər mənasız, düşüncəsiz, məntiqsiz fikirlər səsləndirirlər ki, təhlil edəndə də deyirlər qərəzli fikir bildirirəm. Amma bu dərəcədə, xalqla, ictimai rəylə oynamaq olmaz!”.
30.07.2013 çap et