Vaxt.Az

«Vəzifəyə başlayanda gördüm ki...»


 

Mikayıl Cabbarov Misir erasını yenə tənqid etdi: «... fənn proqramda var, ancaq dərslik yoxdur»

«Vəzifəyə başlayanda gördüm ki...» Bakılı blogger Vyaçeslav Sapunov Azərbaycanın təhsil naziri Mikayıl Cabbarovdan götürdüyü geniş müsahibənin ikinci hissəsini yayıb. Virtualaz.org saytı Sapunovun bloquna istinadən xəbər verir ki, nazir bu dəfə Azərbaycanda kurikulum sisteminin tələsik tətbiqini və dərsliklərin çapı sahəsində onun vaxtınadək hökm sürən vəziyyəti tənqid edib.

«Ötən ilin aprelində nazir səlahiyyətlərinin icrasına başlayanda aydınlaşdırdım ki, sentyabrın 15-də dərsə gedəcək 6-cı sinif şagirdləri üçün dərsliklər yoxdur. Və dərsliklər ümumiyyətlə çap edilməyib. Məlum oldu ki, onlar heç yazılmayıb da! Sadəcə olaraq heç bir dərslik mövcud deyil!!!» - deyə nazir bildirib.

M.Cabbarov bu vəziyyətin yaranmasının səbəbini 7 il əvvəl ölkədə kurikulum sisteminin tələsik tətbiq olunması ilə izah edib. O bildirib ki, kurikulumu ancaq birinci sinifdən birincə sinifə tətbiq etməyə başladılar.

«Bu isə o demək idi ki, kurikulumun tətbiqi zamanı ikinci və ondan yuxarı siniflərdə oxuyan şagirdlər köhnə proqram əsasında oxumaqda davam edirdilər. Çünki kurikulum təhsilə yeni yanaşmadır, yeni formatdır, məsələlərin yeni qoyuluşudur, məzmunca yeni təhsildir. Uşaqlara köhnə dərsliklə yeni məzmunlu təhsil vermək mümkün deyil» - deyə nazir bildirib.

M.Cabbarovun bildirdiyinə görə, kurikulum tətbiq olunandan sonra məlum oldu ki, yeni sistemə uyğun dərsliklər yazmaq üçün mütəxəssislər yoxdur: «7 il əvvəl yol verilmiş səhv ondan ibarət idi ki, kurikulumu dərhal tətbiq etdilər. Adətən isə kurikulumu birinci il sınaqdan keçirirlər - məhdud sayda məktəblərdə, xüsusi hazırlıq keçmiş müəllimlərlə. Və il ərzində həmin müəllimlərdən rəyləri toplayırlar. Sonra bu rəyləri analiz edirlər, proqrama korrektələr edirlər və yalnız bundan sonra kurikulumu bütün ölkədə tətbiq edirlər. Dərhal I sinifdə, V sinifdə və VIII sinifdə. Beləliklə, keçid dövrü dörd il davam edir. Bizdə isə bütün bunların heç birini etmədilər. Və keçid dövrünün olmaması ciddi səhv idi. İkinci səhv isə o idi ki, yeni dərslikləri köhnə müəlliflərə sifariş verdilər. Onlar isə necə gəldi yazdılar. Və bu vəziyyət uzun müddət davam etdi».

Nazir deyib ki, hər il dərsliklərin çapı üçün tender keçirilirdi: «Bu tenderlər necə keçirilirdi, şəffaf, ya qeyri şəffaf, bu ayrı məsələdir. Tenderdə istənilən şəxs iştirak edə bilərdi. Və təsəvvür edin ki, bizdə 27 fənn var hə hər biri üzrə dərslik lazımdır. Tenderdə hansısa fənn üzrə bir neçə dərslik təklif edilirdi, bəzi fənlər üzrə isə heç kim dərslik təqdim etmirdi. Yəni fənn proqramda var, ancaq dərslik yoxdur. Üstəlik hansısa fənn üzrə cəmi iki dərslik təqdim edilirsə və onların hər ikisi keyfiyyətsizdirsə, nə etmək olar?»

M.Cabbarov deyib ki, o, dərsliklərin hazırlanması sistemini dəyişdirmək üçün hökumətə müraciət edib. Onun sözlərinə görə, bundan sonra dərsliklərlə bağlı minimal səviyyə müəyyən edəcək. Həmçinin dərslikləri yazan müəlliflər əvvəllər qəpik-quruş alırdısa, indi onların həvəsləndirilməsi üçün yeni sistem tətbiq olunacaq. Belə ki, müəllif dərsliyin istifadədə olduğu bütün müddət ərzində müəyyən qonorar alacaq.

«Heç bilirsiniz əvvəllər dərslikləri necə qiymətləndirirdilər? Məzmununa görə yox, bütövlükdə. Və tenderdə nəşriyyatlar iştirak edirdi! Hər dərsliyin kompleks qiyməti olurdu. Mən bir dərslikdən məzmunu, digərindən bədii tərtibatı, başqasından çap keyfiyyətini seçə bilmərəm. İndi biz dərsliyin məzmunu müstəqil qiymətləndiririk, sonra isə seçirik: «Budur dərslik. Onu kim neçəyə çap edə bilər?»

Xatırladaq ki, M.Cabbarov Sapunovla müsahibəsinin birinci hissəsində 2 mindən çox saxta diplomlu müəllimin işə götürüldüyünü, onların hələ də işlədiyini demişdi.

M.Cabbarov 2013-cü ilin aprelində təhsil naziri təyin edilib. O vaxta Təhsil Nazirliyinə 15 il ərzində Misir Mərdanov rəhbərlik etmişdi.

 





12.08.2014    çap et  çap et