Vaxt.Az

«Balların saxtalaşdırılması mümkündür»


 

TQDK-nın keçmiş əməkdaşından Məleykə Abbaszadənin yuxusunu qaçıracaq açıqlama

«Balların saxtalaşdırılması mümkündür» «TQDK çərçivəsində keçirilən test imtahanlarına elə bir mexanizm tətbiq etmək olar ki, bu proses tam şəffaf həyata keçirilsin. Hazırda tələbə qəbulu prosesində manipulyasiya edilməsi ilə bağlı şübhələrin əsası var. Tələbə TQDK-da hazırda elə bir sistem mövcud deyil ki, abituriyentlərin ali məktəblərə yerləşdirilməsi zamanı onların ballarına müdaxilə qəti şəkildə mümkün olmasın. Yəni istənilən zaman mövcud proqramlara müdaxilə edib istənilən nəticəni almaq mümkündür. TQDK-nın bir nümayəndəsi elə edə bilər ki, 120 bal toplayan abituriyentin ekrandakı adının qarşısında məsələn, 420 bal yazılsın». Bu sözləri informasiya-kommunikasiya texnologiyaları üzrə mütəxəssis, 2008-ci ilə qədər Tələbə Qəbulu Komissiyasında (TQDK) imtahanın təşkili sektorunun müdiri olmuş Fərman Abdullayev Teleqraf.com saytına açıqlamasında bildirib.

«Jurnalist mütəxəssis deyil ki, prosesi izləsin»


Fərman Abdullayevin sözlərinə görə, hazırda TQDK çərçivəsində fəaliyyət göstərən, balların hesablanması, imtahan vaxtı abituriyentlərin auditoriyalarda yerləşdirilməsi, cavab kartları, tələbə adını qazanmış abituriyentlərin ali məktəblər və ixtisaslar üzrə bölünməsi və sair işləri həyata keçirən bütün kompüter proqramları Nazirlər Kabinetinin 2010-cu ilin mayında imzalanmış «Dövlət informasiya resurslarının reyestri haqqında» qərarına uyğun olaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin reyestr nəzarətinə verilməlidir: «Mövcud dövlət standartı da hazırlandıqdan sonra istifadəsi lazım olduqda nazirlikdən götürülüb istifadə olunmalıdır. Nazirlər Kabinetinin həmin qərarının tələblərinə görə, tələbə qəbulu işinə müstəqil ekspertlər də cəlb olunmalıdır. Niyə olunmur? İctimai nəzarəti təmin etmək üçün guya bir neçə ildir jurnalistlərin qəbul imtahanında iştirakı təmin edilir. Amma jurnalist mütəxəssis deyil ki, prosesi izləsin. Digər tərəfdən, auditoriyaya qısa baxış keçirməklə bütövlükdə prosesi necə izləmək olar? Əsas məsələ odur ki, balların artırılıb-azaldılmasına müdaxilə olmasın».


«Öz rəqibinin topladığı balı öyrənmək qəbahət deyil»


Ekspert bildirdi ki, abituriyentin əldə etdiyi nəticələrlə bağlı məlumatların əldə edilməsi qanunla tənzimlənsə də, bu prosesdə ziddiyyətlər mövcuddur: «100 min adam imtahan veribsə, onların iş nömrəsi, kodu, ad-soyadı ictimaiyyətə açıq olmalıdır. Bu sistem Türkiyədə 4-5 ildir tətbiq olunur. Abituriyentin öz rəqibinin nəticələrini bilməsində bir qəbahət yoxdur. Əksinə, seçim də asan olar, abituriyent kor-koranə seçim etməz. Bizdə «Fərdi məlumatlar haqqında» qanuna istinad edərək, abituriyentin kodu yalnız özünə məlum olur, amma «Abituriyent» jurnalında abituriyentin adı-soyadı, iş nömrəsi, hara qəbul olunması da yazılır. Belə paradoksal vəziyyət yaranıb».


Abituriyentin gözü qarşısında bağlanan zərf...


Test üsulu imtahanın keçirilmə prosesindən danışan ekspert dedi ki, bu prosesdə də ziddiyyətli məqamlar var: «Abituriyentlərin cavab kartları auditoriyada toplanır, polietilen zərfə qoyulur və «şəffaflıq» adına onların hər birinə imza atdırılır ki, şahid olun, gözünüzün qarşısında zərf bağlandı. Proses bura qədər çox normaldır. Amma o zərflər sonra hər bir abituriyentin gözü qarşısında açılmır axı. O zaman formal xarakterli bu proses kimə və nəyə lazımdır? Bu şəffaflıq deyil, gözdən pərdə asmaqdır. Odur ki, müstəqil ekspertlər TQDK-nın istifadə etdiyi proqramların ciddi ictimai nəzarət altında tam şəkildə fəaliyyət göstərib-göstərmədiyi monitorinq olunmalıdır».


«Səhər imtahan verən axşam hara qəbul olduğunu öyrənə bilər»


Fərman Abdullayev dedi ki, TQDK-nın saytının skrinşotunda komissiyanın reyestrə daxil edilmiş proqramı əks olunub. Həmin proqramı əhəmiyyətsiz hesab edən ekspert yeni proqramın qəbul olunmasını vacib hesab edir: «Mən 6 il TQDK-nın işçisi olmuşam. Boşuna danışmıram. Sənəd qəbulunun internet üzərindən aparılması layihəsini ilk olaraq mən təklif etmişəm. Bu ideya başqaları tərəfindən mənimsəndi və həyata keçirildi, mənim adım o siyahıya da düşmədi.

Hazırda isə təklif edirəm ki, ali məktəblərə sənəd verilməsindən son mərhələyədək bu prosesə heç bir kənar müdaxilə olmayan bir proqram tərtib olunsun. Mənim layihəmə görə, səhər saatlarında imtahan verən şəxs həmin günün axşamı hansı ali məktəbə qəbul olub-olmadığını öyrənə bilir. Bunun üçün 40 gün gözləməyin nə mənası var? Biz bu vaxtı itirməklə dələduzların sayını artırmış oluruq. Mənim layihəm hazırdır, yalnız rəsmi şəkildə təklif gəlsə, açıqlaya bilərəm». (teleqraf.com)

 





13.08.2014    çap et  çap et