Ancaq görüşdən sonra İlham Əliyev və Serj Sərkisyan problemin sülh yolu ilə həllini dəstəklədiklərini desələr də məsələnin mahiyyətindən heç nə demədilər. 1994-cü ildə əldə olunmuş atəşkəs sazişinin gücləndiriləcəyi barədə də bəyanat verilmədi.
Tomas de Vaal yazır ki, atəşkəsin pozulması və onlarla gəncin ölməyi indi «yeni normaya» çevrilir. 2011-ci ildən masanın üstündə belə «insidentlərin araşdırılması mexanizmi» təklifi var. Ancaq onu reallaşdırmırlar. Buna da toxunulmadı. Problemin həllinin baza prinsipləri ətrafında danışıqları canlandırmaqdan da bir söz deyilmədi.
Tomas de Vaalın fikrincə, Soçi görüşündən əvvəl çoxlu spekulyativ fikirlər səslənirdi ki, Rusiya münaqişəni qızışdırır ki, sonra vəziyyəti idarə etsin.
Ekspert əmindir ki, Putin indiki vəziyyətdən sülhpərvər olduğunu nümayiş etdirmək üçün istifadə edir: «Ancaq Soçi görüşü Qarabağ probleminin əsas həqiqətini bir daha sübut etdi: problem xarici amillərə görə yox, daxili dinamikaya görə həll olunmur. Heç bir tərəf Rusiyaya diktə imkanı verməyəcək. Bu, hər iki ölkənin təhlükəsizliyi və milli mənliyi üçün fundamental məsələdir. Bu, hətta Rusiyanın hərbi tərəfdaşı Ermənistana da aiddir. İndiki daxili dinamika isə getdikcə pisləşir. Yaxşılaşmır. Azərbaycanın İsrail və Pakistandan silah alması barədə məlumatlar var.
İlham Əliyev Soçiyə getməzdən əvvəl «Twitter»də 57 mesaj yazdı: «Biz öz suverenliyimizi bərpa edəcəyik. Azərbaycan bayrağı işğal olunmuş ərazilərdə, o cümlədən Xankəndində və Şuşada dalğalanacaq».
Soçidən sonra Sərkisyan da «maço üslubunda» bəyanat verib ki, Ermənistanın 300 km-i vuran raketləri var və bu raketlər Azərbaycan şəhərlərini Ağdama çevirə bilər.
Bütün bunlar onu göstərir ki, Rusiyanın və eləcə də heç kimin münaqişəni necə idarə etmək ideyaları yoxdur. Rusiya indiki status-kvodan mümkün qədər yararlanmağa çalışacaq, müharibənin başlanmasının qabağını elə əvvəlcədən alacaq.
O biri ölkələrə gəlincə isə payızda ABŞ BMT Baş Məclisi vaxtı Azərbaycan və Ermənistan liderlərini bir yerə toplamağa çalışacaq. Fransa prezidenti Olland isə Əliyevlə Sarkisyanı Parisə dəvət edir.
Putin isə Ukrayna ilə problemin həllinə dönür. Onun yaxın vaxtlarda yeni Qarabağ sammiti keçirmək planının olmasının əlaməti yoxdur». («Azadlıq» radiosu)