Şahzadə Haya İordaniyanın mərhum kralı (indiki kralın atası) Hüseynin qızı və Dubay şahzadəsi Məhəmməd bin Rəşid əl-Məktumun arvadıdır.
Virtualaz.org saytı xəbər verir ki, şahzadə Haya bu beynəlxalq idman federasiyasının prezidenti vəzifəsinə 2006-cı ildə seçilib. Federasiyanın nizamnaməsinə görə, bir şəxs iki dəfədən artıq prezident seçilə bilməzdi.
Lakin bu ilin aprelində federasiya şahzadəyə üçüncü dəfə seçilmək imkanı yaratmaq üçün öz nizamnaməsini dəyişdirib. Bununla belə şahzadə bildirib ki, o, üçüncü dəfə öz namizədliyini irəli sürməyəcək və fəaliyyətini BMT-nin humanitar layihələrinə, o cümlədən Qəzzaya cəmləşdirəcək.
«Bizim regionda vəziyyət gərgindir və hazırda çox acınacaqlıdır. Mənim FEİ prezidenti kimi fəaliyyətim regiondakı humanitar böhrana vaxt ayırmağa imkan vermir. Bu həftə mən Qəzzaya humanitar yardım və digər tədbirlərlə bağlı FEİ-dəki işimi ixtisar etməli oldum» - deyə şahzadə bildirib.
Şahzadə Hayanın səlahiyyət müddəti bu ilin dekabrında başa çatacaq. Dekabrın 14-də FEİ-nin Bakıda keçiriləcək sessiyasında yeni prezident seçiləcək.
Şahzadənin ərinin Londonda cins at ferması var və onun adı dopinq qalmaqalında çəkilmişdi. Nəticədə əl-Məktumun atlarına beynəlxalq yarışlara qatılmaq bir müddət qadağan edilib.