Vaxt.Az
“Qorxudan ölkəyə gəlmirlər”
Nizami Süleymanov: “Yaşlı kişidir, niyə onun başını aldadaraq bu yola salıblar?”
“Gündəlik Teleqraf”ın suallarına akademik Nizami Süleymanov cavab verir.- Nizami müəllim, Siz diqqətinizi son zamanlar elmi işlərə yönəltmisiniz. Siyasətlə daha məşğul olmaq niyyətiniz yoxdur?
- Mən heç vaxt elmdən ayrılmamışam. Mən SSRİ-nin ixtiraçı alimi olmuşam. Hətta “İxtiraçılar” jurnalında yazılmışdı ki, SSRİ-də və xaricdə haqqında ən çox yazılan azərbaycanlı gənc alim Nizami Süleymanovdur. Hətta Ostankino Televiziya Kanalı “Yenilikçilər və mühafizəkarlar” adlı film çəkmişdi. Yenilikçilər kimi azərbaycanlı, mühafizəkar kimi rus alimləri göstərilirdi. Yəni mən hər zaman elmin içində olmuşam.
- Ancaq etiraf edək ki, azərbaycanlılar sizi daha çox 1992-ci ilin prezident seçkilərində tanıdı. Çünki siz həmin vaxt ölkənin ən populyar siyasətçisi Əbülfəz Elçibəyə alternativ idiniz...
- Ona qədər də insanlar məni tanıyırdı. Artıq film çəkilmişdi, dövlət televiziyası bizim haqqımızda verilişlər verirdi. Bir çox yaşlı insanların yaddaşında mən daha çox alim kimi qalmışam.
- Siz artıq siyasətə nöqtə qoymusunuz?
- Mən heç vaxt elmi işlərimi dayandırmadım. Ancaq yaşım 60-a çatanda qərara aldım ki, həm siyasətçi, həm də alim yükünü çiynimdə daşıya bilmərəm. Çünki yaş öz sözünü deyir. Mən elm adamı olduğum üçün peşəmi davam etdirmək qərarına gəldim. Artıq gənc nəsil yetişir, hazırda gənc siyasətçilərimiz var. Siyasət elə də asan məsələ deyil. Əgər sənin həyatın siyasətə həsr edilibsə 90 yaşına qədər siyasətdə ola bilərsən. Elm adamı olan Potonun 93 yaşı var, amma bu gün Ukrayna Milli Elmlər Akademiyasının prezidentidir. Heydər Əliyev 70 yaşında ikinci dəfə hakimiyyətə gəldi. Peşəkar siyasətçi, təcrübəli rəhbər, gənc yaşlarından siyasətdə olduğuna görə, Heydər Əliyev sağ qalsaydı 100 yaşına qədər bu işlə məşğul ola bilərdi. Çünki bu sahənin peşəkarı idi. Prezident İlham Əliyevin uğurunun sirri nə ilə bağlıdır? Bu adam gənc yaşlarında siyasətşünaslıq üzrə ixtisaslaşıb, sonra aspiranturaya daxil olub, elmlər namizədi adını əldə edib, 1994-cü ildə isə siyasi elmlər doktoru dissertasiyasını müdafiə edib. Uzun illər siyasətdə, iqtisadiyyatda olub. Yəni bütün ömrünü siyasətin içində keçirib, son 20 ildə isə bu işlə gündəlik məşğul olub. Mənim hazırda 68 yaşım var. İndi mənim durub siyasətlə məşğul olmağım gülməli olardı. Çünki bu illər ərzində elmin içində olmuşam, özümün dərindən bildiyim peşəm olub. Odur ki, qoca vaxtı şair və ya musiqiçi olmaq eşqinə düşmək istəyənlər doğru iş tutmurlar. Bir də görürsən ki, adam yaşlaşıb və iki cümlə siyasətdən danışa bilmir, amma deyir ki, mən dövlət başçısı olmaq istəyirəm.
- Siz Rüstəm İbrahimbəyovu nəzərdə tutursunuz?
- Rüstəm İbrahimbəyov 74 yaşında ayılıb ki, bəs mən prezident olmaq istəyirəm. Başqa sözlə, 74 yaşında siyasətə gəlib. Kino sahəsində mütəxəssis olduğu üçün Rüstəm müəllimə böyük hörmətim var, amma mən hesab edirəm ki, Rüstəm müəllim çox yanlış yoldadır. Onu bu yola təhrik edənlər Rüstəm İbrahimbəyova qarşı böyük haqsızlıq ediblər. İnsanın səhhətini, yaşını, durumunu nəzərə almaq lazımdır. Rüstəm müəllim bundan sonra həyatını kinoya həsr etməlidir. Qarabağ mövzusunda dəyərli bir film çəkə və dünyada erməni məsələsini açıb qoya bilər. Məsələn, Rüstəm müəllim Qazaxıstan dövlətinin sifarişi ilə film çəkib və bu film dünyada marağa səbəb olub. Amma Azərbaycan haqda, Qarabağda başımıza gətirilən hadisələr haqda bir film çəksəydi bu daha gözəl olardı. Onun bu sahədə işi xalqa daha çox fayda verərdi. Ancaq təəssüf ki, ömründə bir dəfə də olsun siyasətdə və iqtisadiyyatda rəhbər rolunda olmayan, dövlət aparatında işləməyən İbrahimbəyovu qəfildən siyasət yoluna salıblar. Hələ təhlil etmədən də deyirlər ki, bəs Qırğızıstanda bir keçid hökuməti yarandı, Roza Atumbayeva prezidentin səlahiyyətlərini icra etdi və sonradan normal seçki keçirib hakimiyyətdən getdi. Görün insanlarımız nə dərəcədə dayaz düşünürlər. Əzizlərim, Atumbayeva Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini bitirib, müdafiə edib. SSRİ dövründə xaricdə işləyib, Bişkek şəhərinin ikinci katibi olub, ABŞ, Malaziya və Böyük Britaniyada səfir vəzifəsində çalışıb, ölkəsinin xarici işlər naziri və baş nazirin müavini olub. Bu adam mühüm dövlət postlarında olub, dövlətin idarə olunmasında iştirak edib. Hətta SSRİ-nin YUNESKO-da rəsmi nümayəndəsi vəzifəsində belə işləyib. Bu adamın diplomatik-siyasi təcrübəsi olub. İndi bu adamla Rüstəm müəllimi müqayisə etmək, İbrahimbəyovun onu təkrarlayacağını iddia eləmək gülməli çıxır. Rüstəm müəllim deyir ki, mən dünyada tanınan azərbaycanlıyam. Daha anlamır ki, heç qeydiyyat məsələsini, ikili vətəndaşlıq problemini yoluna qoya bilmir. Milli Şurada bir-birinə qarşı ittihamlar söyləyirlər. Belə müxalifət sabah dövləti idarə edə bilərmi? Onların şansı yoxdur. Sizə əminliklə deyirəm ki, İlham Əliyev təbliğat aparmadan seçkiləri udacaq. Bu gün onun reytinqi 70-80 faiz civarındadır. Bu reallıqdır.
- Deyirsiniz ki, Rüstəm İbrahimbəyovu bu yola təhrik edənlər var. Bu təhrikçilər bizim siyasətçilərimizdir?
- Yox. Mən bilmirəm ölkə içində onu hansı siyasətçilər bu yola təhrik edir. Amma özü bəyan edir ki, xaricdə köməkçiləri var. Hər halda bizim siyasətçilərimizin də günahı var. Müxalifət əgər doğrudan da, düz yoldadırsa, öz içindən, yəni Azərbaycanda yaşayan, siyasətlə peşəkar məşğul olan, təcrübəsi və partiyası olan şəxsin namizədliyini irəli sürməlidir. Düzdür, prezident seçilməyinə seçilməyəcək, amma ana müxalifət statusunu qazana bilər. Ana müxalifət statusunu qazanmaq da böyük şərəfdir. Xaricdən gələn nümayəndələr həm ölkənin siyasi rəhbərliyi, həm də ana müxalifətlə görüşür. Amma bizdə hamı istəyir ki, birinci olsun. Bir-biri ilə razılığa gələ bilmədikləri üçün Rüstəm İbrahimbəyovu tapdılar. Axı Rüstəm müəllim ömründə siyasət və diplomatik fəaliyyətlə məşğul olmayıb. Rus dilində danışır, ana dilini səlis bilmir.
- Milli Şuranın üzvlərinin Tiflisə gedərək İbrahimbəyovla görüşməsini necə qiymətləndirirsiniz?
- Mən bunları izləyirəm. Dünən səhər televiziyadan izlədim. Mən bu şeylərə qeyri-ciddi yanaşıram.
- Niyə?
- Əlbəttə, müzakirələr aparmaq onların öz işidir. Amma bu adam hələ ikili vətəndaşlıq məsələsini həll edə bilməyib. Bir neçə gündən sonra isə seçki kampaniyası başlayır. Bu adamın ilin neçə ayı Azərbaycanda olduğu bəlli deyil, yalnız rus dilində danışa bilir. Mən onun prezidentlik iddiasına düşməsinə qeyri-ciddi yanaşıram. Düzdür, bizim yaş fərqimiz böyük deyil. Mən ölkənin elitar təbəqəsinin 90 faizi ilə ünsiyyətdəyəm. Yalnız İbrahimbəyovla kontaktımız olmayıb. Əgər bizim yoldaşlığımız olsaydı, mən ona daha ağıllı məsləhət verərdim. Mən onu dünən televiziya kanalında seyr elədim və ürəyim ağrıdı. Üz-gözü qıpqırmızı idi, gərginliyi açıq hiss edilirdi. Sabah ona bir şey olsa, buna görə kim cavab verəcək? Eldar Namazov buna cavab verə biləcəkmi? Yaşlı kişidir, niyə onun başını aldadaraq bu yola salıblar? Onu qorumaq lazım idi ki, uzun illər yaşasın və kinolar çəkərək Azərbaycanın adını qaldırsın.
- Azərbaycanın elmi təbəqəsi İbrahimbəyovun prezidentliyə namizədliyi məsələsinə necə baxır?
- Sizə deyim ki, alimlərin 99, 99 faizi buna çox pis baxırlar. Bizim aramızda bu haqda söhbətlər olur. Çox narazıdırlar və yəqin ki, yaxın vaxtlarda onların da səsini eşidəcəksiniz. Alim dostlarımızın hamısı mənfi münasibətdədir. Yəqin ki, alim dostlarımız öz təşəbbüsü ilə çıxış edərək bu məsələni pisləyəcək. Mən ad çəkmək istəməzdim, amma cəmiyyətdə çox nüfuzlu şəxslər var və onlar İbrahimbəyovdan min dəfə güclüdür. Əlbəttə, xalq belə insanlara qulaq asır. Onlar isə İlham Əliyevin namizədliyini dəstəkləyir. Deyir, çörəyi ver çörəkçiyə, birini də artıq. Rüstəm müəllim gedib kino çəksin. İlham Əliyevə imkan verilməlidir ki, bu inkişafı davam etdirsin.
- Rüstəm İbrahimbəyovun Bakıya gələcəyi təqdirdə həbs olunma ehtimalı varmı?
- Mən buna inanmıram. Ancaq mən dövlətin yerinə də danışa bilmərəm. Yeri gəlmişkən, tarixdə insanlar var ki, həbs olunma ehtimalı olmasına rəğmən ölkəsinə gəlib. Bənəzir Buhutto qadınlığı ilə durub gəldi Pakistana. Amma bizim erkəklərə bir söz deyən kimi qorxusundan ölkəyə gələ bilmirlər.
- Kimi nəzərdə tutursunuz?
- Ad çəkmək mənim nəyimə lazımdır ki? Biz şəxslərin təhqiri ilə məşğul olmuruq. Deyirəm ki, Buhutto qadınlığı ilə hər şeyi gözünə alaraq ölkəyə gəldi, amma bizim erkəklər balaca bir şey olan kimi qorxudan ölkəyə gəlmirlər. Əvəzində ağır çəkili bakallarda viskidən vurub siyasət icad edirlər. Mən 1992-ci ildə Əbülfəz Elçibəylə seçki yarışına getdim. Rəhmətlik Elçibəy televiziyaya gəlmədi, debata çıxmadı. Əbülfəz bəyin ətrafı onu bu işə təhrik etdi. O da hakimiyyətə gəldi, amma bir ildən çox qala bilmədi. Amma Rüstəm müəllim bu gün hakimiyyətdə deyil. O Bakıya gəlsə, qeydə alınsa belə 5 faiz ancaq səs ala bilər. 1992-ci il seçkilərində mənə 33, Elçibəyə isə 57 faiz səs yazdılar.
- Bir xeyli səs toplaya bilmisiniz ki...
- Milli Məclisdə bu məsələlər qaldırıldı. Şadman Hüseynov bu haqda dəfələrlə danışdı. Onlar bu saxtakarlığı indi gülə-gülə boyunlarına alırlar. Eləsi var deyir ki, həmin seçkilər zamanı Qarabağ bölgəsinə təhkim olunmuşdum, səsvermədə siz qələbə çalmışdınız, amma biz bunu dəyişdik. Mənimlə Əbülfəz bəyin fərqi var idi. Elçibəy prezident olana qədər 10 nəfərə rəhbərlik etməmişdi. Dissident olmaq, tənqid etmək başqa işdir, idarəçilikdə işləmək başqa. Mən 500 nəfər kollektivi olan elmi istehsalat birliyinin rəhbəri olmuşdum. O zaman mənim 47 yaşım var idi, enerjili dövrüm idi, bütün elmi titullara sahib idim. Rəhmətlik Həsən Abdullayev deyirdi ki, hansı şəhərə gedirik Nizami Süleymanovu görürük. Mənim işlərim SSRİ kimi dövlətin 22 nazirliyinin dövlət proqramına daxil edilmişdi. Yəni mən daha təcrübəli insan idim.
- Siz 1992-ci il seçkilərindən sonra Əbülfəz Elçibəylə görüşdünüzmü?
- Bəli, görüşdük. Etibar Məmmədovun ofisində görüşdük və zarafatlaşdıq. Sonra Elçibəy bir toplantı keçirdi və mən də orada iştirak etdim. Hətta zarafatla dedi ki, Köçəryanın azərbaycanlı olduğunu necə tapmısan? Beləcə olub-keçmişi unutduq. Mən onlara bir il vaxt qoymuşdum və onlar da bir ildən sonra iqtidardan getdilər. Mənim siyasi proqnozlarımda indiyə qədər səhv olmayıb. İndi də dediklərimin arxasında sona qədər dururam.
01.08.2013 çap et