Vaxt.Az

Şeyx cəbhə bölgəsinə getməlidirmi?


 

Çoxları onu görmək istəyirdi...

Şeyx cəbhə bölgəsinə getməlidirmi? Cəbhə bölgəsində yaşanan son hadisələr bütün Azərbaycanın diqqətini sərhədyanı bölgələrə yönəltdi. Ölkənin ictimai-siyasi həyatında önəmli rol oynayan şəxslər cəbhə xəttində yerləşən kəndlərə, hərbi hissələrə səfər etdilər. Onların bəziləri şəhid olan əsgərlərimizin dəfn mərasimlərində də iştirak edib, valideynlərinə dəstək oldular, problemləri ilə maraqlandılar. Amma bu mərasimlərdə iştirak etməyən bir şəxs var idi və bir çoxları onu görmək istəyirdi.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadə sonuncu dəfə nə vaxt cəbhə bölgəsində olub? QMİ ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz alınmadı. Ona görə mövzu ilə bağlı bir neçə şəxsin fikrini öyrənməyə çalışdıq. 

Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli Modern.az-a deyib ki, onlar Şeyxə cəbhə bölgəsinə səfər etmək barədə təklif göndərməyiblər: »Elə bir fikrimiz, yaxud müraciətimiz olmayıb. Bildiyiniz kimi, Şeyx 1990-cı il 20 Yanvar qırğınından sonra şəhidlərimizin dəfnində iştirak edib. Həmişə şəhidlərə xüsusi diqqət və qayğı göstərib. Amma ümumən əhali belə bir fikir səsləndirirdi ki, Şeyxin, QHT nümayəndələrinin şəhidlərimizin dəfn mərasimində iştirakı yaxşı olardı. İnsanlar bütün ictimaiyyət nümayəndələrinin, o cümlədən şeyxin iştirakını arzulayırlar. Onların belə mərasimlərdə iştirakı vacibdir».

Milli Məclisin deputatı Elman Məmmədovun sözlərinə görə, Şeyxin əsgərlərlə görüşə getməsi o qədər də vacib deyil: «Şeyxülislamın əsgərlərlə görüşə getmək məsələsi mənə elə gəlir ki, o qədər də vacib məsələ deyil. Şeyx həmişə Azərbaycan əsgərlərini müdafiə etmək, ruhlandırmaq, dövlətçiliyimizi qorumaq üçün əlindən gələni edib. Bu yaxınlarda onun Ermənistanın katalikosuna verdiyi cavab çox tutarlı idi. Ondan əvvəl Milli Qəhrəman Mübariz İbrahimovun nəşinin ermənilərdən alınmasında şeyximizin xidməti oldu. Onun hər fəaliyyəti elə əsgərlərimizin yanında olmaq kimi dəyərləndirilir». 

Bununla belə, deputatın fikrincə, din xadimlərinin cəbhə bölgəsinə əsgərlərlə görüşə getməsi yaxşı olardı: «Hərbi hissələrin hamısında namaz qılan, oruc tutan əsgərlər, zabitlər üçün şərait yaradılıb, otaqlar ayrılıb. Şeyxin getməsi vacib deyil, amma QMİ-dən kiminsə bölgələrdəki din xadimləri, axundlarla birgə əsgərlərlə görüşməsi lazımdır».

 





15.08.2014    çap et  çap et