Vaxt.Az

“Türkiyədə ordunun rolunu heçə endirməyə çalışırlar”


 

Qabil Hüseynli: “Yeni konstitusiyada ordu yəqin ki, polisdən də aşağı səlahiyyətlərə, yaxud nüfuza malik olacaq”

“Türkiyədə ordunun rolunu heçə endirməyə çalışırlar” Türkiyə prezidenti Abdullah Gül Türkiyə Silahlı Qüvvələrinin Daxili Xidmət Məcəlləsinin hərbi çevrilişlərə əsas kimi göstərilən maddəsinin dəyişdirilməsi barədə qanun layihəsini təsdiqləyib. Qardaş ölkə mətbuatına verdiyi məlumata görə, bundan sonra Türkiyə Silahlı Qüvvələrinin hərbi çevrilişlər etmək üçün hüquqi əsası qalmır.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Daxili Xidmət Məcəlləsinin 35-ci maddəsinin dəyişdirilməsini nəzərdə tutan qanun layihəsi baş nazir Rəcəb Tayyib Ərdoğanın komandası tərəfindən hazırlanıb. Sözügedən maddədə “Türkiyə Silahlı Qüvvələrinin vəzifəsi Türk yurdunu və konstitusiya ilə tənzimlənən Türkiyə Cümhuriyyətini mühafizə və müdafiə etməkdir” sözləri yazılıb. Bu maddəni əvəzləyən maddə isə belədir: “Türkiyə Silahlı Qüvvələrinin vəzifəsi xaricdən gələcək təhdid və təhlükələrə qarşı daşındırıcılığı təmin edəcək şəkildə hərbi qüvvələrin mühafizəsini və qüvvətlənməsini təmin etmək, Türkiyə Böyük Millət Məclisinin qərarı ilə ölkə xaricində verilən vəzifələri icra etmək və beynəlxalq sülhün təmininə dəstək verməkdir”.
Türkiyə müxalifəti bu qanun layihəsinin hazırlanaraq parlamentdə qəbul edilməsini baş nazir R. T. Ərdoğanın orduya təzyiq göstərərək onu öz nəzarəti altına keçirmək kimi dəyərləndirib. Analoji mövqeni Türkiyədə çap olunan bəzi qəzetlər də sərgiləyib, Bəs, ekspertlər nə düşünür: qanundakı bu maddənin dəyişdirilməsi ilə ordu sistemi doğrudanmı Türkiyə baş nazirinin nəzarətinə keçir?
Bu suallarla müraciət etdiyimiz politoloq Qabil Hüseynli bildirib ki, Türkiyənin ordu sistemi və ordunun cəmiyyətdəki yeri və rolu cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürkün özü tərəfindən birbaşa işlənib hazırlanıb. Onun sözlərinə görə ordunun cəmiyyətdəki yeri və rolu konstitusiyada da müvafiq maddə ilə öz təsdiqini tapıb: “Ona görə də Türkiyə Silahlı Qüvvələri xalq arasında çox zaman Atatürk inqilabının keşikçisi adlandırılıb. Yəni kamalizmi və atatürkçü siyasi sistemi Türkiyə ordusundan ayırmaq olmaz. Gəlin etiraf edək ki, bütün dövrlərdə kamalizm sisteminin əsas təəssübkeşi və yayıcısı, eyni zamanda onun qoruyucusu Türkiyə Silahlı Qüvvələri olub. Bu nöqteyi-nəzərdən və konstitusiyanın ona verdiyi səlahiyyətlərdən istifadə edərək Türkiyə ordusu bəzən siyasi məsələlərə də müdaxilə etmək məcburiyyəti qarşısında qalıb”.
Q.Hüseynli qeyd edib ki, ordu Türkiyə cəmiyyətində həmişə tarazlayıcı və əyarlayıcı bir missiyanı yerinə yetirib: “Bəllidir ki, bu zəmində ordunun müəyyən imtiyazları da meydana gəlib. Ordu Türkiyədə dünyəvi sistemin, yəni kamalist dünyəvi sistemin qarantı kimi çıxış edib. Kamalist sistem isə bilavasitə Türkiyənin Avropasayağı inkişafının ideoloji əsaslarını işləyib hazırlamışdı”.
Politoloq bildirib ki, AKP hakimiyyətinin ilk illərindən etibarən ordunun siyasətlə məşğul olduğuna, öz missiyasını yerinə yetirmədiyinə, ölkədə bir neçə dəfə hərbi çevrilişlər həyata keçirdiyinə, demokratiyanın inkişafının normal məcrada getməsinə imkan vermədiyinə dair fikirlər səslənməyə başladı: “Bəziləri isə Türkiyədə mövcud olan demokratiyanı əsgəri demokratiya kimi səciyyələndirirdilər. Açıq demək lazımdır ki, Ərdoğan əvvəlcə polisi müstəqillikdən tamamilə məhrum etdi. Yəni əvvəl polisi ələ keçirdi. Bunun ardınca isə məhkəmə sistemini tam nəzarət altına aldı. Əvvəllər polis nisbi müstəqilliyə malik və siyasi proseslərdən uzaq idisə, hazırda polis də, məhkəmə sistemi də siyasiləşib. Əvəzində ordu siyasətdən tam uzaqlaşdırılıb və özünün Atatürk dövründən qalan bütün imtiyazlarından məhrum edilib. Təsəvvür edin ki, indiyədək 350-yə yaxın ordu generalı, general, admiral, habelə istefada olan general, yəni ordu komandanlığının ən aparıcı üzvləri uydurma ittihamlarla həbs ediliblər və bu gün də həbsdədirlər. Hazırda Türkiyədə ordunun vəziyyəti o qədər də ürəkaçan deyil. Ordu gözdən salınıb. Əvvəllər ordu və orduya getmək şan-şöhrət işi hesab olunurdu. İndi isə hərbi çağırışlar tam yerinə yetirilə bilmir. Orduda intihar halları çoxalıb. Ordunun idarə edilməsi məsələləri xeyli çətinləşib. Döyüş qabiliyyəti əvvəlki kimi deyil. İndi də konstitusiyada həmin maddəni dəyişməklə ordunun missiyasını və cəmiyyətdəki rolunu demək olar ki, aşağlayıcı bir tərzdə heçə endirməyə çalışırlar”.
Q.Hüseynli qeyd edib ki, Türkiyənin demokratiyanın inkişafı və demokratik siyasi mədəniyyətin artması üçün qət edəcəyi hələ xeyli uzun bir məsafə var və bu məsafənin gedilməsi üçün orduya ciddi ehtiyac duyulur: 
“Yəqin ki, Türkiyədə hazırlanacaq yeni konstitusiyada ordu polisdən də aşağı səlahiyyətlərə, yaxud nüfuza malik olacaq. Baş verənlər əlbəttə, Türkiyə üçün səciyyəvi deyil və türk xalqının böyük bir hissəsi üçün ürəkağrıdıcıdır. Amma Ərdoğan bu prosesləri normal, sivil cəmiyyət quruculuğu hesab edir. Baş nazir ordunun Atatürkdən qalan bütün ənənələrini məhv edir və sözün əsl mənasında ordunun gözdən salınma kampaniyası aparılır. Hər bir halda, bu, Türkiyənin özünün daxili işidir. Biz buna yalnız politoloji şərh verə bilərik və bu da sırf subyektiv bir şərhdir. Türkiyə və Türkiyənin siyasi rəhbərliyi ölkənin inkişafı məsələlərində təbii ki, bizdən daha səriştəli ola bilərlər. Yəqin ki, onlar nə etdiklərini bizdən daha yaxşı bilirlər”.
 





01.08.2013    çap et  çap et