Prezident olduqdan sonra partiya sədrliyindən istefa verməli olsa da, Ərdoğan partiyaya təsir göstərmək niyyətini gizlətməyib. Rusiya prezidenti Vladimir Putinin Dmitri Medvedevi baş nazir təyin etdiyi kimi, Ərdoğan da sözü keçən birini baş nazir təyin etmək istəyir. Bu baxımdan xarici işlər naziri Əhməd Davudoğlu və nəqliyyat naziri Binali Yıldırımın adları çəkilir. Ərdoğan partiyaya ciddi nəzarəti əlində saxlamağa çalışır.
Avqustun 11-də AKP-nin (Ədalət və İnkişaf Partiyası) əsasını Ərdoğanla birgə qoyan Abdullah Gül vəzifədən getdikdən sonra yenidən partiyaya qoşulacağını bildirib. Onun partiya sədri olmaq arzusuna şübhə isə azdır.
Partiya rəhbəri bildirmişdi ki, yeni sədrin seçilməsi ilə bağlı xüsusi konfrans avqustun 27-də, Ərdoğanın and içməsindən 1 gün əvvəl keçiriləcək. Bu o deməkdir ki, Abdullah Gülün partiya üzvlüyünün qarşısı alına bilər. Partiya rəsmiləri bu tarixin Abdullah Güllə heç bir əlaqəsi olmadığını bildiriblər.
Ankara Abdullah Gülün partiyanın Ərdoğanın AKP və hökumətə nəzarətindən narazı olan aparıcı üzvlərini bir yerə toplayacağını ehtimal edir. Son illər köhnə silahdaşlar arasında fikir ayrılıqlarının olduğu bildirilir.
Xatırladaq ki, ötən il Ərdoğana qarşı etirazlar vaxtı hökumət «Facebook» və «twitter» sosial şəbəkəsinə qadağa qoymaq istəyəndə, Abdullah Gül «Twitter»dən istifadə edəcəyini bildirmişdi.
Tezliklə parlament seçkilərində iştirak edən partiya üçün böhran yaxşı əlamət deyil. Bu, Ərdoğanın prezidentin səlahiyyətlərini gücləndirmək planları ilə də düz gəlmir. AKP bir yerə yığışsa belə, bunu etmək üçün o ancaq parlamentin köməyi ilə konstitusiyaya dəyişiklik edə bilər.
Bəzi ictimai sorğular Ərdoğanın seçilməsinin əsassız olduğunu göstərdi, bu isə onun partiyada etibarını azaldıb. Görünür, Ərdoğan erkən parlament seçkilərində özünü dəstəkləyən daha çox parlamentarinin qələbəsinə ümid edir. AKP-də etirazların artması onun qalibiyyətini siyasi böhrana gətirib çıxara bilər.