Bu barədə təhsil naziri Mikayıl Cabbarov rusiyalı jurnalist Vyaçeslav Sapunova müsahibəsində deyib («Azvizion.az»). Nazir hazırda respublikanın rayonlarında 2000 saxta diplomlu şəxsin ümumi təhsil sistemində çalışdığını bildirib:
«Biz həmin adamları adbaad tanıyırıq. Saxta müəllimlər hələ də işlərinə davam edirlər. Birincisi, qanunu pozsalar da, 2000 «saxta müəllim»in işdən qovulması eyni sayda işçinin birdən işdən azad edilməsidir. İkincisi, 2000 müəllimin təhsil prosesindən çıxarılıb, onları dərhal əvəz edilməsi mümkün deyil.
Mürəkkəb bir dilemma qarşısındayıq: belə müəllimlə işləyək, yoxsa, yox? Onların çoxu kənd məktəblərində çalışır. Həmin müəllimlərin bəziləri vakant yerlər üçün imtahanlarda iştirak edərək öz peşəkarlıqlarını göstəriblər.
Ancaq sənədlərin yoxlanması nəticəsində məlum olub ki, bu diplomlar Təhsil Nazirliyi tərəfindən verilməyib. Dərhal olmasa da, təhsil sistemini belə hallardan təmizləmə prosesi olacaq. Demək olar ki, artıq bu proses başlayıb».