«Qafqazinfo»nun əldə etdiyi məlumata görə, saytın əməkdaşları iki aydır maaşlarını ala bilmirlər. Saytın fəaliyyətini dayandırmasına səbəb isə yeganə gəlir mənbəyi olan «İREX Azərbaycan» (Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurası) qeyri-hökumət təşkilatının bank hesabına həbs qoyulmasıdır.
Xatırladaq ki, avqustun 4-də Baş Prokurorluq Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatları və xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində aşkar edilmiş «qanun pozuntuları faktlarına» dair «vəzifə saxtakarlığı» və «vəzifə səlahiyyətlərindən sui-istifadə» maddələri ilə cinayət işi başlandığını bildirmişdi. Bundan sonra isə həmin təşkilatların hesabına həbs qoyulub. Xarici təşkilatlardan maliyyələşən və vergi yayınmalarında ittiham olunan bir neçə şəxs də həbs olunub.
Qeyd edək ki, saytın baş redaktoru Azər Qaraçənli ilə əlaqə saxlamaq cəhdləri nəticəsiz qalıb.
***
Modern.az-a açıqlamasında «Mediaforum.az» saytının baş redaktorunun müavini Hikmət Sabiroğlu isə saytın hazırda fəaliyyət göstərməməsinin səbəbini izah edərkən deyib ki, «İnternews Azərbaycan» İctimai Birliyinin qərarı ilə məzuniyyətimiz bir həftə uzadılıb. «Mediaforum.az» saytının hər hansı bir maliyyə problemi yoxdur. Hansısa bir problem varsa, «İnternews Azərbaycan» İctimai Birliyi ilə bağlı ola bilər».
O bildirib ki, sadəcə, qeyri-hökumət təşkilatları ilə bağlı müəyyən problemlər var. H.Sabiroğlunun sözlərinə görə sayt bir həftədən sonra fəaliyyətini davam etdirəcək. «O problemlər həll olunur. Bir həftədən sonra sayt fəaliyyətinə davam edəcək».