Vaxt.Az
«Əsəbi sükut»
Get-gedə küçələrdə öz-özüylə danışan adamların sayı artır.
Öz-özüylə danışıb fikirli-fikirli başını bulayan adamların.
Get-gedə narazı sifətlilər bürüyür bu şəhəri...Kimi qohumdan narazıdı, kimi qonşudan, kimi ölkədən.
Və ən qəribəsi, bu narazılıq adamları birləşdirmir, əksinə ayırır.
İzdihamdakı adamlar bir-birindən küsülüymuş kimi.
Mobil telefon geniş yayılandan bir-birindən saatı da soruşmur adamlar. Gözlər də, qulaqlar da telefonlarda.
Yaşlılar öz aləmində aranı dağa, dağı arana daşımaqda.
Gənclər öz aləmində, öz mahnılarını dinləməkdə.
Yaşlılar bir tikə çörək dalınca sərgərdan, gənclər karyera axtarışında pərişan.
Gənclərin üzündəki gözəllik də qocalıb elə bil.
Baxışlar ütülü, davranışlar biçimli.
Yaşlıların üzündə süni gənclik, cavanların üzündə saxta bişkinlik. İzdihamın üzündə əsəbi bir sükut.
Bəs hanı bu ölkənin dəli-dolu, qayğısız, güləndə üzündə güllər açan gəncliyi?!
Bu yazını da öz-özüylə danışan birinin narazılığı hesab edin.
Bir şairin zəmanədən şikayəti.
Zatən əsrlərdir, şairlərin əlindən gələn başqa bir şey yox.
28.05.2013 çap et